Bakı şəhərindəki yeni tikilən binaların bir çoxunda bəzi sakinlərə binaların altındakı dayanacaqlarda maşınlarını park etməyə icazə verilmir. Adətən park yerləri binalardakı mənzillərindən daha az - 300 mənzil üçün təqribən 100 dayanacaq yeri olur. Bu binaların sahibləri hətta bu yerləri sakinlərə icarəyə vermir, yüksək qiymətlə satışa çıxarırlar. Avtomobilləri bina altındakı dayanacaqlarda park etməyə icazə verilməməsi sakinləri yol kənarınlarında park etməyə məcbur edir ki, bu da öz növbəsində nəqliyyatın hərəkətinə maneə törədir və pik saatlarda tıxacın yaranmasına səbəb olur.
Eləcə də bax: Sumqayıtda - UCUZ MƏNZİLLƏR TİKİLİR - RƏSMİ AÇIQLAMA
FED.az “Report”a istinadən yeni tikililərin sahiblərinin bu cür davranışlarının və binaların altındakı dayanacaqları sakinlərə satmağının nə dərəcədə qanuni olduğu haqqında araşdırmanı təqdim edir.
Bu barədə daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev verdiyi açıqlamada bildirib ki, MTK-ların tikdikləri binalarda qarajlar sakinlərin ümumi əmlakı sayılmalıdır: “Bu gün paytaxtda təxminən 1500-dən çox yeni bina tikilib. Amma şəhərin Baş Planı ilə bağlı sovet dövründəki normativlərlə bu günkülər üst-üstə düşmür. Bakının ən son Baş Planı 1986-cı ildə təsdiq olunub. Hansı ki, həmin ildə şəhərin təxminən 1,7 milyona qədər əhalisi var idi. İnfrastruktur da buna uyğun qurulmuşdu. Bu gün isə Bakıda 3 milyondan çox əhali yaşayır.
Hazırda şəhərdə bir çox binalarda qarajlar yoxdur. Hər mənzil üçün ən azı 1 maşınlıq dayanacaq olmalıdır. Amma bir sıra binalarda 200-300 mənzil olduğu halda 30-40 maşınlıq dayanacaq olur. Bu da şəhərdə sıxlıqların yaranması ilə nəticələnir. Ara küçələrdə maşınla gedib-gəlmək olmur. İnsanların maşınlarını kənar ərazilərdə saxlamağa məcbur olurlar. Şəhər get-gedə sıxlaşır. Bu gün binalar arasında uşaqlar üçün, istirahət üçün ayrılan ərazilər tikinti sahəsinə çevrilib. Avtomobili saxlamaq üçün yer tapmaq olmur. Binaların altındakı qarajların satış qiyməti mənzillərdən 2-3 dəfə bahadır. Bir maşınlıq qarajın qiyməti 30 min manatdan 50-60 min manata qədər dəyişir.
Qarajların sakinlərə təhvil verilməsi məsələsində bir neçə nüans var. Biri var MMC, bir də var MTK. Binanı MMC tikirsə, binadakı hər bir şey ona məxsus olur. Həmçinin binanın altındakı qarajlar və obyektlər də. Amma binanı MTK tikibsə onun altındakı qarajlar sakinlərə məxsus olmalı və onların ümumi əmlakı sayılmalıdır. Təəssüf ki, bir çox binalarda buna əməl edilmir. Sakinlər də qarajların onlara məxsus olmasını tələb etmirlər. Çünki əvvəldən belə görülüb ki, MTK o qarajları satmalıdır. Sakinlər bununla bağlı heç yerə şikayət etmirlər. Ümumiyyətlə hanısa məsələ ilə bağlı şikayət edənlər yalnız bəzi köhnə binalarda yaşayan sakinlər olur. Çünki o köhnə binalarda yaşayan sakinlərin çoxu bir-birini tanıyır. Onlar birlikdə nəyisə müzakirə edə bilirlər. Amma yeni tikili binalarda belə olmur, sakinlərin çoxu bir-birini tanımır. Onların harasa şikayət etmələri üçün binalarda Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) qurulmalıdır. Bu qanunda da var ki, MTK binanı tikib təhvil verəndən sonra binadan uzaqlaşmalıdır ki, binanın idarəetməsi sakinlər tərəfindən aparılsın. Buna riayət olunarsa binanın altındakı qarajlar da sakinlərin istifadəsində qalar. Reallıq odur ki, MTK-lar binanı sakinlərə təhvil vermək istəmirlər. Çünki kommunal pullardan böyük qazanc götürürlər. Amma MMMC-ni sakinlər özləri qurur. Bu cəmiyyətin toplantıları keçirilir. Sakinlər həmin toplantıda öz problemlərini müzakirə edir və aidiyyatı qurumlara müraciət etməyi qərara alırlar”.
Hüquqşünas, Vəkillər kollegiyasının üzvü Elçin Nadirov isə bildirib ki, həm MMC, həm də MTK-lar tikdikləri binanın altındakı dayanacaqları satmaq və ya icarəyə vermək ixtiyarına sahibdirlər:
“Bu məsələlər Mənzil Məcəlləsi ilə tənzimlənir. Əgər binanın altında qeyri-yaşayış sahəsinə aid edilən və onun layihəsində təsdiq edilmiş yerlər varsa, onların barəsində sərəncamı binanı tikən şəxs verir. Çünki onlar mülkiyyətçi olaraq binanı tikən şəxsə məxsusdur. Həmin qeyri-yaşayış sahəsini satmaq və ya icarəyə vermək barədə binanı tikən şəxs qərar verir. Son zamanlar MTK-lar bina tikmir, binalar MMC-lər tərəfindən tikilir. MMC-nin sahibı binanı tikəndən sonra öz payını götürüb özgəninkiləşdirməyə başlayır. Tikdiyi bina altındakı obyektlər, qarajlarla birlikdə bütünlüklə ona məxsus olur. Burda bəzi ümumi istifadədə olan yerlər istisnadır. MTK-ların da tikdiyi binaların qarajlarını satmaq və ya icarəyə vermək ixtiyarı var. Bu qeyri-yaşayış sahələri MTK-ların sərəncamında olur. MTK-larla bağlanan müqavilələrdə binanın alt hissəsi nəzərdə tutulmur. Amma nəzərə alaq ki, həmin binanın altındakı qarajın da tikilməsi üçün kimsə pul qoyub. Bu gün qarajlar özü bir alver mənbəyinə çevrilib”.