Nəsimidəki obyekt 50% baha satılıb – HƏRRACIN NƏTİCƏLƏRİ
14:47
12 İyun 2018
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün keçirilən özəlləşdirmə hərracının nəticələrini açıqlayıb. Komitədən FED.az-a verilən məlumata görə, özəlləşmə prosesi rəqabətli şəkildə baş tutub. Hərracda 20 dövlət əmlakı sahibini tapıb. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, Respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili özəlləşdirilib.
Qeyri-yaşayış sahəsi üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif növ belə əmlaklara alıcı marağı yüksək olub. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edə bilib. Əmlakın ilkin start qiyməti 30 min manat olsa da ən son təklif 45 min 300 manata qədər yüksəlib. Ümumi faydalı sahəsi 48 kv.m-ə yaxın olan həmin əmlak biznes qurmaq istəyən sahibkar üçün uğurlu seçimdir.
Bundan başqa paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında da analoji hal müşahidə edilib. Belə ki, ilkin start qiyməti 6 min manat olan əmlak 6 min 200 manata sahibini tapıb. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.
Hərracda bir sıra iqtisadi sahələrdə fəaliyyət göstərməyə imkan verən kiçik dövlət müəssisələri də özəlləşib. Özəlləşən bu əmlakların hamısı rayon ərazisində yerləşir. Bu isə bölgələrimizin iqtisadi gücünün yüksək olmasından xəbər verir. Oğuz rayonunda yerləşən Əmlak kompleksi xidmət sahəsində investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsinin 200 kv.m-dən çox olması da sahibi üçün əlavə iqtisadi imkan yaradır. Bundan başqa Samux rayonunda özəlləşən ictimai iaşə obyekti də xidmət sferasının inkişafına töhfə verə bilər.
Budəfəki hərracda da müxtəlif növ avtomobillər sahiblərini tapıb. Özəlləşən maşınlar Rusiya, Amerika və Almaniya istehsalıdır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edib.
Qeyd edilməlidir ki, qeyri-iş günləri ilə əlaqədar olaraq növbəti hərrac iyunun 20-si keçiriləcək. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.