Bu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında 917 daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.
Doqquz ayda Naxçıvan şəhəri üzrə 1277 mülkiyyət sənədi - QEYDİYYATA ALINIB
FED.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, texniki sənədlərin hazırlanması zamanı 244 əmlaka dair texniki pasport, 419 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə 663 texniki sənəd hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 89 daşınmaz əmlaka ünvanlar verilib.
Həmçinin, muxtar respublikada Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması, ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədilə poçt məntəqələrinin əhatə etdiyi ərazilərin sərhədləri dəqiqləşdirilərək xəritələşdirilib, Naxçıvan şəhərinin, Əliabad qəsəbəsinin və şəhərin 5 kəndinin ünvan xəritələrinin layihəsi hazırlanıb. Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 215 arayış verilib, elektron informasiya sistemi vasitəsilə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında notariat ofislərinə göndərilən məlumatlar isə 499 ədəd təşkil edib.
Hüquqi və fiziki şəxslərdən operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə 92, notariat ofislərindən 26 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Müraciətlərə vaxtlı-vaxtında baxılması “ASAN xidmət” Mərkəzində göstərilən xidmətlər zamanı da diqqətdə saxlanılıb, müvafiq xidmət növləri üzrə ümumilikdə 840 müraciət icra üçün qəbul edilib.
Ötən ay kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.