Çernobıl qəzasında zərər çəkənlər daha sürətli şəkildə mənzillə təmin olunacaqlar.
Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində birdəfəlik müavinətlər Prezident təqaüdü ilə əvəz olunub: “Eyni zamanda əlilliyi olan şəxslər də əlillik dərəcələrinə uyğun olaraq pensiya alırlar. Bununla yanaşı, onların müalicəsi üçün də ildə bir dəfə əlavə müavinət verilir.
Onların imtiyazlı mənzillə təminatı istiqamətində də proses gedir, imtiyazlı növbəyə götürülüblər. Artıq onların böyük qismi mənzillərlə təmin olunub. Bundan sonrakı dövrdə daha sürətli mənzillə təmin olunacaqlar. Çünki indiyə qədər məcburi köçkünlərimiz var idi, onların mənzil təminatına böyük ehtiyac var idi. Eyni zamanda Qarabağ müharibəsi şəhidlərinin və qazilərin mənzil məsələsi demək olar ki, artıq həll olunmaq üzrədir. Yəqin ki, yaxın bir ildə bu problem bitəcək. Sonra isə bu qəbildən olan Çernobıl qəzası, digər əlilliyi olan şəxslərin də mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq”. (Apa)