“Mirvari Park” Yaşayış Kompleksinin rəhbərliyi kompleksin 17-ci mərtəbəsinin eyvanına çıxaraq öz həyatını sonlandırmağa cəhd edən yaşayış kompleksi sakininin videosu ilə bağlı açıqlama verib.
FED.az "qafqazinfo"ya daxil olan məlumata istinadən xəbər verir ki, “Mirvari Park” sakininin bu addıma cəhd etməsinin səbəbi onun avtomobilini yaşayış kompleksinin qarajına buraxmamaları olub. Daha sonra onu bu dəhşətli addımdan yayındırmağa nail olublar.
“Mirvari Park” rəhbərliyi məlumatında deyilir:
“1 İyuldan etibarən biz kompleksin yeraltı qarajındakı parkinq yerlərini satışa çıxarmışıq,- deyə verib.-Sakinlər bu haqda 3 ay öncədən məlumatlandırılmışdılar. Özünü eyvandan atmaq istədiyini iddia edən şəxs dünən sərxoş vəziyyətdə qaraja daxil olmağa cəhd etsə də, özünə aid parkinq yeri olmadığı üçün qaraja buraxılmayıb. Daha sonra sözü gedən şəxs bizi özünü 17-ci mərtəbədən atacağı ilə hədələyərək yaşayış kompleksinin rəhbərliyinin hadisə yerinə gəlişini tələb edib.
FHN-in əməkdaşları hadisə yerinə gəldikləri zaman məlum oldu ki, sözü gedən şəxs 15 gün əlavə olaraq qarajdan istifadə imkanı tələb edirmiş. Biz ona bu imkanı yaratdıq. Bunun üçün bu qədər böyük şou təşkil etməyə nə ehtiyac vardı?
Bir daha vurğulamaq istərdik ki, bu şəxs çox sərxoş idi. Bu faktı hadisə yerinə gələn bütün dövlət strukturları qeydiyyata aldı. Polis əsassız çağırışa görə vətəndaşa protokol yazdı.
Qaraj yerlərinin satışı məsələsinə gəldikdə isə, qeyd etmək istərdik ki, keçdiyimiz 7 il ərzində bizim kompleksdə qaraj yerləri yalnız icarəyə verilirdi. Daha sonradan parkinq yerlərinin satışına qərar verildi, hətta bunun üçün kredit şərtləri də təşkil olunudu. “Mirvari Park”-ın yeraltı qarajı iki mərtəbədən ibarətdir. İlkin mərhələdə biz yuxarı mərtəbədə yerləşən qaraj yerlərini satışa çıxarmışıq və artıq yerlərin təqribən yarısı satılıb.Sözü gedən sakin qaraj yeri almaq istəmir və bu səbəbdən belə əsassız bir ssenariyə əl atdı”.