Paytaxt Bakıda və Abşeron yarımadasında on minlərlə insan var ki, işbazlar, rüşvətxor məmurlar tərəfindən aldadılaraq neft-qaz kəmərlərinin mühafizə zonasında, mədən ərazilərində yaşamağa məhkum ediliblər. Məhkum edilib deyirik, çünki bu çarəsizlərin düşdüyü vəziyyəti başqa sözlə ifadə etmək mümkün deyil. Təsəvvür edin, bu insanlar həm ailələrinin sağlamlığını təhlükəyə atır, həm də daim problemlər, məhkəmə çəkişmələri ilə üz-üzə qalırlar.
Eləcə də bax: Bakıda yeni mənzillər - UCUZLAŞIB
Axırıncı qurban
Problemlərin ağuşuna atılan insanlardan biri də İran İslam Respublikası vətəndaşı Cavad Şalğunidir (Javad Akhlaghi Shalghouni). İşbazlar Maştağa-Buzovna avtomobil yolunun sol tərəfində (“Bakı kafesi” deyilən istiqamətdə) Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisinin bir hissəsini zəbt edib ona satıblar.
Ərazidə tikinti aparıldığını aşkarlayan mühafizəçilər Cavad Şalğuniyə mədən ərazisində görülən işlərin qanunsuz olması barədə ətraflı məlumat verib və tikinti işlərinin dayandırılmasını tələb edib. Cavad Şalğuni isə tikinti üçün lazım olan “icazənin” aldığını bildirib və torpaq sahəsinin sənədlərini təqdim edib. Lakin məlum olub ki, ona verilən sənədlər düzgün deyil. Belə ki, tikinti aparılan sahə Xəzər rayonunun ərazisi olduğu halda, sənəddə Sabunçu rayonun ərazisindən bəhs olunur. Bundan başqa, Torpaq Məcəlləsinə görə, əcnəbilər Azərbaycanda torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər, mülkiyyətçi ola bilməzlər. Sənədlərinin saxta olduğunu öyrənən Cavad Şalğuni və həyat yoldaşı aldadıldıqlarını başa düşüb məyus oldular, daş hasarın üstündə oturub ağlamağa başladılar. Onlar bu torpaq sahəsini almaq üçün maklerliklə məşğul olan Asəf və Azər Cəbrayılov qardaşlarına 7 min manat veriblər. Üstəlik, bir o qədər də xərc çəkib tikinti işləri aparıblar. İndi isə həm çəkdikləri əziyyət, həm də xərclədikləri pullar hədər gedə bilər. Görünür maklerlər Cavadın Azərbaycandakı qayda-qanundan bixəbər olmasından istifadə ediblər, pulunu alıb “heç kim sənə bir söz deyə bilməz, evini tik, nə olsa. bizlikdi” deyib aldadıblar. Nəticədə mədən ərazisində qanunsuz tikinti işləri aparan şəxslə dövlət üz-üzə qalıb.
Neft mədəninin ərazisində torpaq oğurluğu ilə məşğul olan bu şəxslər “müştərilərini” daha çox bələdiyyə orqanlarından aldıqları sənədlər ilə aldadırlar. İnsanların çarəsizliyini fürsətə çevirən maklerlərin sonuncu qurbanı isə İran vətəndaşı oldu.
Suç cəzasız qalarsa...
Bu hadisədən bir neçə gün sonra Azər Cəbrayılov yenə mədən ərazisini zəbt etməyə cəhd edib. 602 nömrəli neft quyusunun yaxınlığında boş torpaq sahəsində iki mərtəbəli ev tikmək qərarına gəlib. Mühafizəçilərin müdaxiləsindən sonra o ərazidəki tikinti materiallarını, daş və qumu daşımağa, mühafizə zonasını boşaltmağa məcbur olub.
Bütün bu məlumatları oxuyandan sonra adamda sual yaranır, axı bu Azər Cəbrayılov kimdir ki, kefi istədiyi torpaq sahəsində tikinti aparıra bilir? İnsanları saxta sənədlərlə aldadıb pulunu almaq bu qədər asandırmı?
Ətrafda yaşayan insanlarla söhbətimizdən məlum oldu ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş Azər Cəbrayılov 2005-ci ildən Maştağa və Buzovnada mədən ərazilərini zəbt edib satmaqla məşğuldur. Bu ərazilərdə indiyə kimi 100-dən çox ev tikərək satıb. Məsələn Maştağanın Çiləgər adlanan ərazisində “Bakı kafesi”nin arxasında bir küçədə neft sənayesinə aid torpaqlarda təxminən 13 ev inşa etdirib. Bu ərazilərdə elə yer var ki, Azər Cəbrayılov bir dalanda 25 ev tikib. Qanuna əsasən neft quyularından minimum 300 metr məsafədə heç bir şəxsi tikinti işləri aparmaq olmaz, amma 1224 saylı neft quyusunun 30-35 metrliyində Azər Cəbrayılov 3 ev tikərək satıb. Hazırda da bir neçə ev və boş torpaq sahəsi mövcuddur ki, satmaq məqsədilə divarlarına telefon nömrələrini yazıb, yeni “qurbanlarını” gözləyir.
Sakinlərin dediyinə görə Azər Cəbrayılovla mədən ərazilərinin mühafizəçiləri arasında bir neçə dəfə qarşıdurma yaranıb. Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər dərhal Maştağa və Buzovnada yaşayan bir neçə narkomanı köməyə çağırır, onlar da gəlib mühafizəçiləri öldürməklə hədələyirlər.
Görünən odur ki, Azər Cəbrayılov və ətrafına topladığı maklerlər neft sənayesinə məxsus torpaqları ata malı kimi bölüşdürüb satmaqla məşğul olurlar. Onların bu qanunsuz əməllərinə isə illərdir polis və icra hakimiyyəti orqanlarının bəzi nümayəndələri tərəfindən göz yumulur.
Neft mədəni ərazilərini zəbt edən bu şəxslər tutduqları əmələ haqq qazandırmaq üçün imkansız ailələrə, evsiz-eşiksiz vətəndaşlarımıza ucuz qiymətə torpaq satıb ev tikdiklərini deyirlər. Lakin İran vətəndaşı ilə bağlı sonuncu fakt sübut etdi ki, bu şəxslər üçün fərqi yoxdur, azərbaycanlı yaxud əcnəbi, onlar üçün əsas məsələ neft mədəni ərazisində qurduqları “biznesdən” gəlir əldə etməkdir.
Qeyd edək ki, neft mədəni ərazilərində radiasiya fonu digər yerlərlə müqayisədə dəfələrlə yüksək olur. Bu da həmin ərazilərdə yaşayan imkansız ailələrin, xüsusilə uşaqların sağlamlığında ciddi fəsadlara yol açır. Bu cür yüksək radiasiyalı ərazilərdə uzun müddət yaşamaq insanda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.
"report"