Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlara müraciət edib.
Eləcə də bax: MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzil seçimi - Başa Çatıb
MİDA-dan FED.az-a bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olmuş 2021-ci il 8 iyul tarixli məktuba əsasən, güzəştli ipoteka kreditlərinin verilməsi, o cümlədən agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi üçün Bank “BTB” ASC üzrə müəyyən edilmiş limitlərdən istifadənin fond tərəfindən müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Bu il avqustun 17-də Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Sumqayıt şəhərində güzəştli mənzillərin satışı başlayacaq. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:
- ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
- agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
Bununla əlaqədar olaraq, bildirilir ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-yə müraciət edə bilərlər.