İşaat sektorunda 16 illik təcrübəsi və kefiyyət nümunəsi ilə müştərilərinin inamını qazanan “Kristal Abşeron” özəl layihələrlə yanaşı, dövlət sifarişi olan layihələri də uğurla icra edir.
FED.az xəbər verir ki, növbəti dəfə isə şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin tikintisi ilə bağlı tenderin qalibi olub. Yəni, Bakı şəhərinin Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 12 çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu “Kristal Abşeron” şirkəti reallaşdıracaq.
Daha dəqiq desək, “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanan və dövlət ekspertizasından keçirilən layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün “Kristal Abşeron” tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manatadək təşkil edəcəyi nəzərdə tutulur.
“Kristal Abşeron” şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunan ən böyük məbləğdir. Buna qədər agentliyin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunub və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılıb.
Xatırladaq ki, indiyə kimi “Kristal Abşeron” MTK Bakı, Sumqayıt və Xırdalan şəhərlərində bir-birindən gözəl layihələri uğurla icra edib.
2018-ci ilin mayında isə podratçısı olduğu məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu Park” yaşayış kompleksini istifadəyə verib.