Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil satışına nəzarət artırılıb.
FED.az xatırladır ki, söhbət 29 iyul – 11 avqust tarixlərində keçiriləcək mənzil seçimindən gedir. MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində 2023-cü il 29 iyul–11 avqust tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ödkənin 3 yerində - Bakı Şəhəri Yasamal Yaşayış Kompleksində, Bakı şəhəri Hövsan Yaşayış Kompleksində və Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Elana əsasən bu dəfə Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin və Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin - yəni ümumilikdə 1189 mənzilin satışı nəzərdə tutulur.
Mənzillərin seçimi və satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək. Şərtlərə əsasən sözügedən ərazilərdə mənzillərin alınması zamanı aylıq ödəniş müvafi q olaraq 128 manat, 143 manat və 147 manatdan başlayır.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,
1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.