Sumqayıtdakı məşhur restoran satışa çıxarılıb.
FED.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, iyunun 5-də keçiriləcək özəllişdirmə hərracına Sumqayıt şəhərinin Bağlar massivində yerləşən “Laçın restoranı” da çıxarılıb. Faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 2 min kv.m-dən çox olan restoranın ilkin satış qiyməti 205 min manat təşkil edir.
Həmin gün keçiriləcək hərracda tikinti sahəsində də investorlar üçün maraqlı əmlaklar var. Gəncə şəhərində yerləşən “Beton və məhlul istehsal edən sahə” sahibini yaxşı qazanc gətirə bilər. Əmlakın ümumi faydalı sahəsinin 300 kv.mdən çox olması, torpaq sahəsinin isə 4 min kv.m-ə yaxın olması investora əlavə iqtisadi imkan yaradır.
Bundan başqa investorlar ayrı-ayrı iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin səhm paketini də özəlləşdirə bilərlər. Tikinti sferası üzrə biznesə başlamaq istəyənlər üçün “Zaqatala Sənaye Kombinatı” olduqca cəlb edicidir. Müəssisə dəmir-beton məmulatlarının istehsalı və tikinti işlərini həyata keçirib.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər.