Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin 30%-i təmirli satılır. Lakin 20 il bundan qabaq təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi.
Bakıda daha 213 mənzil kirayə üsulu ilə - Satışa çıxarıldı - Aylıq ödəniş - 954 MANAT - SİYAHI
Bəs hansı mənzili almaq daha sərfəlidir - təmirli, yoxsa təmirsiz?
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yeni çoxmərtəbəli binalarda satılan mənzillərin əksəriyyəti təmirsiz olur.
"Vətəndaşlar bu mənzillərin təmirini öz üzərinə götürürlər. Lakin bəzi tikinti şirkətləri kreditli şərtlərlə təmirli mənzillər satırlar və vətəndaş onu belə vəziyyətdə almağa məcbur olur.
Köhnə tikili binalara nəzər salsaq, görərik ki, mənzillərin hər biri yüksək olmasa da, təmirli formada satılır. Belə binalarda mənzil alan şəxslər əksər hallarda köhnə təmiri sökərək, özləri yenidən təmir edirlər. Lakin vətəndaşlar təmirsiz mənzil alarkən diqqətli olmalıdır.Təmir edən şirkət və ya qrup peşəkar olmalıdır. Əsas da elektrik naqillərinin, sanitar qovşaqların borularına diqqət etməlidirlər", - o bildirib.
Ekspert qeyd edib ki, yay aylarında həyət evlərinin satışı yüksəlir.
"Bu aylarda təmirli alınan mənzildə fəsadlar qış aylarında üzə çıxır. Mənzil alan vətəndaş mütləq şəkildə peşəkar ustalara müraciət edərək, tikilinin təmirinin keyfiyyətini yoxlatmalıdır".
Əmlak satışı ilə məşğul olan Cəlil Əliyev isə bildirib ki, hansı mənzilin daha sərfəli olduğunu seçmək bir neçə amildən asılıdır və bu qərar sizin şəxsi tələblərinizə, maliyyə vəziyyətinizə və uzunmüddətli məqsədlərinizə bağlıdır.
"Təmirli və təmirsiz mənzillərin hər birinin üstünlükləri və çatışmazlıqları var. Üstünlüklərinə nəzər salsaq, görərik ki, belə mənzillər insana vaxt qazandırır. Təmirli mənzilə daxil olub dərhal yaşayışa başlaya bilərsiniz. Bu, xüsusilə tələbləriniz varsa, əhəmiyyətlidir.
Təmirli mənzillərdə sizə təmir, boyama və digər əlavə xərclər lazım olmayacaq. Lakin təmirə ciddi fikir vermək lazımdır. Çünki bəzi tikinti şirkətləri mənzillərin təmirində tanınmış firmaların materiallarından istifadə edəcəyini reklamlarında bildirsə də, nəticədə ucuz və keyfiytətsiz materiallardan istifadə edir.
Bu da həmin şirkətdən mənzil alan şəxslərin ikiqat ziyana düşməsinə səbəb olur. Təmirli mənzilin dizaynı və üslubu bəzən sizin şəxsi zövqünüzə uyğun gəlməyə bilər. Belə mənzillərin qiyməti də təmirsiz mənzillərə nisbətən daha yüksək olur.
C.Əliyev qeyd edib ki, təmirli mənzillərə nisbətən təmirsiz mənzillərin qiyməti daha aşağıdır.
"Belə mənzilləri öz zövqünüzə görə təmir edib bəzəyə bilərsiniz. Lakin qısa müddətdə yeni evə köçmək istəyirsinizsə və əlavə zamanınız və büdcəniz yoxdursa, təmirli mənzil almaq daha sərfəli ola bilər. Əgər müəyyən bir büdcə ilə işləyirsinizsə və ya öz zövqünüzə uyğun şəkildə evinizi təmir etmək istəyirsinizsə, təmirsiz mənzil daha sərfəli və uyğun seçim ola bilər.
Nəticədə, hər iki seçimin özünəməxsus üstünlükləri var. Ən yaxşı qərarı vermək üçün sizin maliyyə vəziyyətiniz, vaxt məhdudiyyətləriniz və şəxsi ehtiyaclarınız nəzərə alınmalıdır", - deyə o qeyd edib. (Trend)