İl ərzində cəmiyyətdə baş verən iqtisadi və sosial proseslər bazar iqtisadiyyatının müxtəlif sektorlarına təsir etdiyi kimi daşınmaz əmlak bazarında da əhəmiyyətli dəyişikliklərə səbəb olur. Ümumi bazar münasibətlərinin tərkib hissəsi kimi hər ay daşınmaz əmlak bazarında da baş verən proseslər iqtisadçılar və əhali arasında ən çox müzakirə olunan mövzulardan biri olur.
FED.az xəbər verir ki, “Report” iyun ayında daşınmaz əmlak bazarında gedən proseslərin mənzillərin, fərdi və bağ evlərinin qiymətinə necə təsir etdiyini, bazarda alıcılıq qabiliyyətinin hansı səviyyədə olduğunu araşdırıb.
Mövzu ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a verdiyi açıqlamada bildirib ki, iyun ayında təkrar mənzil bazarında 1,4% qiymət artımı qeydə alınıb: “Təkrar mənzil bazarında ipoteka kreditləşməsinin, ilkin mənzil bazarında isə pilot layihələrin icrasının azalması mənzil bazarında alqı-satqı proseslərinin ümumi dinamikliyini azaldıb. Buna baxmayaraq, ötən ay qiymətlərdə azalma müşahidə olunmayıb. İlkin mənzil bazarında qiymətlər sabit, təkrar mənzil bazarında isə orta qiymət göstəricisində, təqribən, 1,4% artım müşahidə olunub. Lakin bu, bazar üçün nisbi qiymət dəyişikliyi hesab olunur. Orta qiymətdə 1,4% artım əhəmiyyətli dəyişiklik deyil.
Mənzil bazarında ortalama qiymətlərdəki dəyişiklik əslində bazar üzrə real vəziyyəti əks etdirə bilməz. Çünki xüsusilə təkrar mənzil bazarı üzrə 10-dan artıq layihə var. Bu layihələrin bəzisində dinamiklik ipoteka prosesi hesabına qorunursa, digərlərində bunun əksinə olaraq dinamiklik aşağı düşür və həmin layihələr üzrə təqdim edilən mənzillərin alıcıları az olur. Nəticədə bu mənzillərdə qiymət azalması baş verir. İpoteka prosesinə cəlb olunan layihələrdə isə ucuz mənzillərin qiymətində artım olur. Bəzən bir tərəfdə 5% qiymət azalması olanda digər tərəfdə 5-10% arası qiymət artımı müşahidə edirik. Ona görə də, mənzil bazarında orta qiymətdəki dəyişikliyi ümumi bazar üzrə indikator kimi qəbul etməyin tərəfdarı deyiləm".
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı
"Keçən ilin müvafiq dövrü ilə müqayisədə təkrar mənzil bazarında 5,7%, ilkin mənzil bazarında isə 10-11%-ə yaxın artım müşahidə olunub".
R.Osmanlı bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə təkrar mənzil bazarında 5,7%, ilkin mənzil bazarında isə 10-11%-ə yaxın artım müşahidə olunub.
"Kirayə mənzil bazarında isə qiymətlər, təqribən, 10-15% azalıb. Amma bu, qısamüddətli dövr üçün xarakterikdir. Yəqin ki, avqustun sonlarına doğru qiymətlər yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Hazırda “28 May”, “Sahil” metrostansiyaları yaxınlığında köhnə layihəli binalarda iki otaqlı mənzillərin qiyməti 550-600 manatdan başlayır”, - deye ekspert qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ildən bu yana alıcılıq qabiliyyəti hər il ötən ilki göstəricilərlə müqayisədə azalır: “2015-ci ildə ölkədə baş verən iki devalvasiyadan sonra vəziyyət daha da mürəkkəbləşdi. Hazırda nağd alışların sayında kəskin azalma müşahidə olunur. Buna baxmayaraq, ipoteka kreditləri hesabına daşınmaz əmlak bazarında aktivliyi qismən qoruyub saxlamaq mümkündür”.
R.Osmanlı bildirib ki, fərdi yaşayış evlərinin də qiyməti artıb: “Şəhər ətrafı ərazilərdə mart ayından etibarən fərdi yaşayış evlərinin qiymətində 5-7% qiymət artımı var. Bağ evlərində də, təqribən, eyni dərəcədə qiymət artımı nəzərə çarpır. Qiymət artımı, adətən, ucuz bağ evlərində qeydə alınır. Bahalılarda isə, demək olar ki, qiymət dəyişməsi olmur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il iyun ayında fərdi yaşayış evlərinin qiyməti, təqribən, 10,4% artıb. Bağ evlərində isə əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmayıb.
Kirayə bağ evlərinin qiymətində isə qış ayları ilə müqayisədə 2,5-3 dəfə qiymət artımı olub. Artımın daha çox olduğu ərazilər Mərdəkan, Şüvəlan, Novxanı, Bilgəh kimi inzibati mərkəzlərə qismən yaxın və infrastruktur baxımından daha əlverişli olan ərazilərdir. Bununla yanaşı, Pirşağı, Fatmayi, Mehdiabad kimi ərazilərdə də bağ evlərinin kirayə qiymətləri artıb. Bu da qısamüddətli bir prosesdir. Təqribən sentyabrın əvvəllərində qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıdacaq".