Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.
Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.
İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.
“Baş Planı Nazirlər Kabineti təsdiqləmir”
Rəssamlıq Akademiyasının professoru, əməkdar memar Feyzulla Quliyev deyib ki, Böyük Bakının regional inkişaf Planı hazırdır:
“Əvvəllər ora Sumqayıt və Xırdalana qədər hissələr daxil idisə, sonradan Ələt də daxil edildi. Bu sənəd 2014-cü ildə bütün aidiyyatı strukturlarla birlikdə hazırlandı, razılaşdırılaraq, Nazirlər Kabinetinə təsdiqə verildi. Amma sənəd indiyədək təsdiq olunmayıb.
Bildiyiniz kimi, bütün strukturlarda edilən dəyişikliklər zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də yeni rəhbər gətirildi. Onun təklifilə xaricdən mütəxəssis dəvət olunub. Məhz buna görə də Prezident Bakı şəhərinin Baş Planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə sərəncam verib.
Beynəlxalq məsləhətçi ilkin olaraq keçmiş layihəyə baxıb onu ekspertiza edəcək. Ayrılmış vəsaitin bir hissəsi layinənin ekspertizası üçündür. Əgər layihə qanedici olacaqsa, təsdiqlənəcək. Yox qaneedici olmayacaqsa, yenidən hazırlanacaq”.
“Hazırda Baş Plan ekspertiza olunur”
Memar qeyd edib ki, hazırda layihə ekspertiza mərhələsindədir:
“Bu ilkin mərhələdir. İkinci mərhələdə, layihə qaneedici olmayacaqsa, yenidən hazırlanmasına başlanacaq.
Əvvəl hazırlanan layihə ərazilərin zonalaşdırılması məsləsini özündə ehtiva edirdi. Milli Məclis tərəfindən qəbul edilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinə görə, üç şəhərsalma sənədi mövcuddur. O sənədlər “Ümumi plan”, “Baş plan” və “Müfəssəl plan”dır. İndiki halda “Müfəssəl plan” hazırlansa, bunu yalnız alqışlamaq olar. Bu gün əsas problem məhz “Müfəssəl plan”ın olmamasıdır. Çünki bir çox məqamlarda adını pilot layihələr qoymaqla şəhəri pis günə qoydular”.
Samir Nuriyev nə etdi...
F.Quliyev Samir Nuriyevin Dövlət Komitəsinə sədr təyin edilməsindən keçən müddətdə görülən işlərə də münasibət bildirib:
“Hələlik yaxşı başlayıb. Hazırda Bakıda küçə atributu yaddan çıxıb. Müsbət dəyişikliklər görünür. Hətta bəzi yerlərdə qanunsuz tikililər sökülür. Mən ümidliyəm. Gənc kadrdır. İnşallah yeniliklər edəcək”.
“Bəzi səlahiyyətlər FHN-dən alınmalıdır”
Əməkdar memar bu sahədə bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdırıb:
“Şəhərsalma ilə bağlı icradici orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir, amma ekspertiza Fövqəladə Hallar Nazirliyindədir. Şəhərə nəzarət şöbəsi baxmalıdır, amma ona da FHN baxır. Niyə? Fövqəladə Hallar Nazirliyi təbii fəlakət, yanğın və bu kimi hallarda yarana biləcək problemlərə baxmalıdır. Memarlıqla bağlı işlərə niyə FHN nəzarət etməlidir?! Ümid edirəm ki, bu nəzarət mexanizmləri geri alınıb Komitəyə veriləcək”.
Modern.az-ın məlumatına görə, Bakının ilk Baş planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Yeni Baş plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.
Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.
Daha sonra səmnəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.