Bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi, yerində qeyri-qanuni parklanma salınması və onun ləğv edilməsi ilə bağlı xəbərlər yayıldı.
Qanunsuz parklanmanın yaradılması ilə bağlı tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Bakı haqqında bir neçə kitabın müəllifi Elçin Əliyev paylaşım etmişdi.
Eləcə də bax: “Parkinqi gecə düzəldiblər, xəbərimiz olmayıb"
FED.azı Bakı şəhərində müxtəlif problemləri işıqlandıran memar Elçin Əliyevin müsahibəsini təqdim edir:
- Bir neçə gün əvvəl qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı paylaşımınız gündəm oldu. Nəticədə həmin qanunsuz tikili söküldü, səki genişləndirildi...
- Mən bir Bakı sakini kimi şəhəri piyada, çox vaxt velosipedlə gəzməyi sevirəm. Artıq bir neçə aydır ki, sözügedən ünvanda həmin mənzərəni görürdüm. Hər dəfə özümə sual verirdim ki, görəsən, Bakı İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Nəqliyyat Agentliyi bu qanunsuzluğu görmür? Təəssüf ki, heç kimin vecinə olmadığının şahidi oldum və bu proses davam etdirilirdi.
Bu prosesi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “uğurla” davam etdirdiyi məlum oldu. Onlar həmin yeri özləri üçün şəxsi dayanacaq etdilər, halbuki oradan 100 metr kənarda avtomobil dayanacağı var. Hətta ən ağılsızları başladılar öz “Mercedes”lərinin şəkillərini sosial şəbəkələrdə paylaşmağa. Siz qudurğanlığın dərəcəsinə baxın! Oradan minlərlə şəhər sakinləri, turistlər keçirlər, buna baxmayaraq, səkini üç-dörd dəfə daraltdılar və piyadalar üçün bir metr yer saxladılar!
Bu cür hal bütün şəhər sakinlərinə böyük bir hörmətsizlik idi. Digər təəccübləndiyim məqam odur ki, məmurlar özbaşınadır və nə istəyirlər, onu da edirlər. Çox şadam ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanıldı.
- Siz tez-tez sosial şəbəkə hesabınızda və “Instagram”da olan “save.baku” səhifəsində Bakıdakı problemlərlə bağlı paylaşımlar edirsiniz. İndiyə kimi qaldırdığınız məsələlərdən neçə faizi dövlət qurumları tərəfindən həll edilib?
- Əvvəlcə, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yeri ilə bağlı məsələdən danışım. Bu gün artıq məsələ həllini tapıb. Bəs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı və yaxud digər dövlət qurumları yoxdur ki, bu məsələni həll etsinlər? Elçin Əliyev sıravi vətəndaşdır, nəyə görə o, küçələri gəzərək bu problemləri qaldırmalıdır? Onlar bunu görmürlər!? Orada iki ağacı izləyirdim və ərazinin fotosunu arxivləşdirdim.
Bir müddət əvvəl ağacların ikisi də kəsilib, yerinə balaca bir ting əkilmişdi. Həmin ağac da bir həftə sonra yoxa çıxdı. Əslində bunu edən insanlar dəqiq bilirdilər ki, etdikləri qeyri-qanunidir. Biz belə hallarla tez-tez rastlaşırıq. Bir neçə ay bundan qabaq cəmiyyətə müraciət edib, yazmışdım ki, indiki “Azərbaycan” kinoteatrının arxasında, Əbdülkərim Əlizadə küçəsində üç ədəd böyük və sağlam ağac var idi, birdən üçü də yox oldu. Hazırda onun yerində “PAUL” restoranı açılıb. Sual verirəm ki, bunu ancaq mən görürəm? Dövlət orqanları haraya baxırlar?.
- Qala divarlarına kobud şəkildə dəmirlərin vurulması ilə bağlı paylaşım etmişdiniz. Onunla bağlı hər-hansı tədbir görülməsi üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müraciət edibmi və ya sizə bununla bağlı hər-hansı təkliflər gəlibmi?
- Bilirsiniz, sonra bildim ki, bu işləri Avstriyadan bir şirkət görüb. Şirkətin sahibi Pummer və şirkətin Azərbaycandakı nümayəndəsi Neymanzadə ilə yaxşı tanışam və bilirəm ki, onlar öz işinin peşəkarlarıdır, ürəkləri də iş üçün yanır. Hətta bu paylaşımdan əvvəl biz dost idik, amma onlar mənim paylaşımımdan sonra məndən incidilər.
Bunun səbəbi isə odur ki, fotoları yaymışam... Fotoları yaymaqda məqsədim odur ki, artıq uzun müddətdir, qədim qala divarlarının üstündə belə əcaib şəkildə dəmirlər qoyulub və bunu hamı, on minlərlə insan görür. Mənə sonra deyirlər ki, müvəqqəti ediblər. Şəhər sakinləri və minlərlə turist haradan bilir ki, bu müvəqqəti edilib? Niyə görə orada bir elan yazılmayıb, dəqiq məlumat göstərilməyib, lövhə vurulmayıb? Axı bu, insanlara hörmətsizlikdir! Sizcə, Avstriyanın paytaxtında, Vyanada belə şəkildə bir iş görülə bilərdi? Heç vaxt! Yeri gəlmişkən, məndə bir sual yaranır: Nəyə görə Bakıda ancaq bu şirkət işlərə dəvət olunur, nəyə görə bərpada belə tam monopoliya yaranıb?! Ritorik sual!
- Memarlıq tariximizdə problemlər nədən ibarətdir? Memarlıqla bağlı istədiyiniz arxivi tapa bilirsinizmi?
- İnkişafda olan ölkə kimi tariximizin araşdırılmasında problemlər çoxdur. Onlardan biri arxivlərin vəziyyətidir. Bütün vaxtı toplasaq, demək olar ki, həyatımın bir neçə ilini elə arxivlərdə keçirmişəm və inanın ki, oralar tam xaos vəziyyətindədir. Məsələn, Dilarə Əliyeva küçəsində olan binanı axtarıram, başqa bina tapıram. Bizdə arxiv sistemləşdirilməyib, təəssüf ki, bizim arxivlərin böyük hissəsi Rusiyanın Moskva şəhərindədir.
Uzun müddətdir ki, Bakının 1940-50-ci illərinin memarlığına aid kitab yazıram. Rusiyanın Mərkəzi Arxivinə iki dəfə - 1000 və 460 dollar pul ödəyib doğma şəhərimin arxiv fotolarını almışam. Nəyə görə Azərbaycanın arxivi oradadır? Hansı səbəbdən o dövrdə arxivi ölkədən çıxarıblar? Təəssüf ki, bizim bütün tariximiz ayrı-ayrı ölkələrdə saxlanılır. Bu da bizim üçün böyük problemdir. Məncə, Mədəniyyət Nazirliyi bu istiqamətdə işlər görməlidir və arxivlərimizi ölkəmizə qaytarmalıdır.
- Şəhərin qədim simasını müasirliyə rəğmən qorumağın əsas sirri nədir?
- Bilirsiniz, əsas sirr memarların peşəkarlığıdır. Sifarişçi məsələni başa düşməyə bilər və düzgün tapşırıq verməyə də bilər. Amma memar öz mövqeyini müdafiə etməlidir. Axı lazım olanda biz memarlar sifarişçini istiqamətləndirmək üçün elə gözəl şəkillər çəkirik ki… Memarın dərin biliyə malik olması ilə yanaşı, inandırma gücü də olmalıdır! Peşəkar memar XXI əsrdə XIX əsrin memarlığını yaratmamalıdır.
Bu gün layihə edilirsə, ancaq müasir memarlıq olmalıdır hər yerdə. Mən İçərişəhərdə də müasir memarlıq nümunələrinin tikilməsinin əleyhinə deyiləm. Qədim şəhərlər canlı orqanizm kimidir və memarlıq nöqteyi-nəzərindən inkişaf etməlidirlər, yeni memarlığın keyfiyyəti olmalıdır. Memarın peşəkar olmaması böyük problem yaradır ki, nəticədə əxlaqsızlığa (üzrlü sayın müqayisə üçün) bənzəyən memarlıq yaranır.
Bizim qədim, gözəl şəhərimiz var, bizdə müxtəlif memarlıq dövrləri olub. Bir küçədən digərinə gedəndə sanki müxtəlif zamanlara səyahət edirsən. Birdən baxırsan ki, qeyri-peşəkar tikilmiş bina bütün şəhərin görünüşünü pozur. Xoşbəxtlikdən, son illər tələblər sərtləşdirilib, belə memarlıq nümunələri daha az görünür.
- Tarixi abidələrin yenidən bərpası zamanı niyə onlar tarixiliyini, özəlliyini itirir? Olmaz ki, sadəcə möhkəmlətmə işləri aparılsın?
- Tarixi abidələr konservasiya olunmalıdır, ancaq nadir hallarda tam bərpa olunmalıdır. Naxçıvanda olarkən Möminə Xatun, Qarabağlar və Gülüstan türbələrinə münasibəti görəndə dəhşətə gəldim. Gülüstan türbəsini görəndə məni ağlamaq tutmuşdu. Faktiki qorunan türbəni söküb yerinə təzəsini tikmişdilər.
Möminə Xatun və Qarabağlar türbələrinə də əlavələr edilmişdi. Bu, yolverilməzdir. Əslində, bu abidələr konservasiya olunmalıdır. Biz isə onları faktiki yenidən bərpa edirik. Bəlkə də, bu, qərarı verənlərin günahı deyil, sevgi ilə edirlər. Burada memar əsas rol oynayır və o, bu sifarişi alanda izah etməlidir. Belə məsələlərdə birinci memarları günahlandırıram. Onlar öz maddi maraqlarına görə tariximizi qurban verirlər. Sifarişçi tərəfindən qoyduğu tapşırıq ilə razı deyilsən - işdən imtina et! Memar birinci növbədə vətəndaş olmalıdır.
- Qeydə alınmamış abidələrin olduğunu düşünürsünüzmü, bununla bağlı təkliflər vermisinizmi?
- Sovet Sosialist Respublikaları İttifaqının siyasəti nəticəsində o zamanlar Azərbaycanda memarlıq abidələrinin əksəriyyəti bilə-bilə qeydə alınmamışdı. Məsələn, indiki “Qış parkı” on il əvvəl söküləndə orada rəsmi olaraq beş-altı memarlıq abidəsi qeydə alınmışdı. Qurumlar deyirdilər ki, burada memarlıq abidəsi yoxdur və buna görə də sökürük.
Təbii ki, onlar haqlı idilər. SSRİ vaxtında alimlərimiz binanın memarlıq abidəsi kimi qeydiyyata alınmasını təklif edəndə mərkəzi orqanlar bunu qoymurdular. Belə bir siyasət var idi ki, Bakıda və digər milli paytaxtlarda memarlıq abidəsi rus şəhərlərindən çox ola bilməz. İndi bizdə 1990-cı illərdə hazırlanmış memarlıq abidələrinin siyahısı var və onunla işləyirik. Həmin abidələrin siyahısı vaxtilə SSRİ vaxtında hazırlanıb.
Müstəqillik illərindən sonra o siyahıya memarlıq abidələri əlavə edilməyib. İndiyə kimi şəhərdə yüzlərlə bina var ki, Bakının tarixini əks etdirir, amma memarlıq abidəsi deyil. Mən bu barədə dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət və təklif etmişəm. Bizdə olan abidə siyahısı da absurddur. Memarlıq abidələri “yerli”, “ölkə” və “dünya” əhəmiyyətli kimi bölünüb. Baxırsan ki, köhnə hamamdır, o, “dünya əhəmiyyətli” memarlıq abidəsi kimi qeydə alınıb. İstiqlaliyyət küçəsində gözəl binalar isə “yerli” əhəmiyyətli memarlıq abidəsidir. SSRİ vaxtında tikilmiş brutal binalar dövlət əhəmiyyətlidir.
Məsələn, Milli Məclisin binası, Nizami küçəsində kobud şəkildə tikilmiş yeni Gənc Tamaşaçılar Teatrının binası “dövlət əhəmiyyətli” binadır. Həmin binanın miqyası düzgün seçilməyib. Amma 1926-cı ildə tikilən gözəl və incə Sabunçu vağzalı “yerli əhəmiyyətli”dir. Niyə axı?! Bu, absurddur. SSRİ-də vəzifə tutan rüşvətxor nazirlərin, məmurların siyasəti idi ki, bizim memarlıq tariximiz və abidələrimiz ləğv olunsun, sayı azalsın.
- Çox sakinlər tarixi abidələrin yanından keçir, amma fərqində olmurlar. Həmin abidələrin üzərində daha ətraflı məlumat yazıla bilərmi? Yaxud barkodla oxudub, tarixi haqqında məlumat əldə etmək olar?
- Heç abidələr haqqında məlumat da yoxdur. Təəssüf ki, keçmiş mədəniyyət naziri öz işinə çox laqeyd yanaşırdı. Faktiki belə bir vəziyyət yaranıb ki, regionlarda minlərlə məşhur memarlıq abidələri var ki, onların haqqında heç bir məlumat yoxdur. Sadəcə yazılıb, məsələn, “XVII əsr hamamı, dövlət tərəfindən qorunur”. Dəqiq ünvanı, memarı, dövlət tərəfindən tərtib olunan siyahıda nömrəsi qeyd edilməlidir.
Və yaxud yaxınlaşın Murtuza Muxtarov küçəsində yerləşən indiki “Səadət” sarayına. Sizcə, dövlət tərəfindən vurulan lövhədə nə yazılıb? - “Səadət” sarayı”. “Muxtarovun evi” yox. Axı bu, düzgün deyil, biz indiki addan başqa, binanın ilk adını da mütləq yazmalıyıq. Heç bu gözəlliyi tikdirən Murtuza Muxtarovun adı da lövhədə yoxdur! Bu, tariximizə hörmətsizlikdir! Heç memar Yozef Ploşkonun da adı lövhədə yoxdur! Heç ünvan da göstərilməyib! Özüm də suala cavab verim: Bunu ancaq öz işini, öz ölkəsini sevməyən qeyri-peşəkar insanlar edə bilərlər – və çox təəssüf ki, indi də onlar vəzifədədirlər. Yeni nazir gəldi, amma köhnə ətrafı qalıb...
- “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Necə qiymətləndirirsiniz?
- Bəli, bir neçə gün əvvəl əsaslı yenidənqurmadan sonra 1982-ci ildə tikilmiş “sovet modernizmi” memarlığının şah əsəri olan “Şərq Bazarı” kompleksi təntənəli şəkildə istifadəyə verilib. Layihənin müəllifləri memarlar Uruzmaq Borisoviç Revazov və Pavel İlyiç Yarinovskidir. Memarlar özünəməxsus gümbəzləri və ornamentləri ilə ənənəvi Azərbaycan memarlığının elementlərini özündə əks etdirən gözəl bina layihələndiriblər. Bazarın kompozisiyası şərq qapalı bazarlarının məkanının bitişik küçələrlə təşkilinin ənənəvi prinsipləri əsasında yaradılıb.
Layihə Azərbaycan tarixində dünyanın ən böyük memarlıq mükafatlarından biri olan “Ağa Xan Mükafatı”na namizəd olan ilk layihədir. Amma “Şərq Bazarı”nın ərazisində həm də böyük inzibati hissə var idi - məhsullarını satmaq üçün şəhərə gələn kənd sakinləri üçün nəzərdə tutulmuş böyük mehmanxana, ofis məkanları, anbarlar və s. Nəyə yenidənqurma işləri əslində layihənin yarısında göründü və xüsusi inzibati hissə təmirsiz qaldı? Nəyə? Layihənin bir hissəsini yenidən qurmaq, qalanını isə öz öhdəsinə buraxmaq düzgündürmü?
- Bir il əvvəl Bakının Baş Planı ilə tanış olmadığınızı bildirmişdiniz. Bu keçən bir il ərzində Baş Planla tanış oldunuzmu?
- Xeyr. Bir vətəndaş və memar kimi Bakının Baş Planı ilə tanış olmaq istəsəm də, hələ də tanış ola bilmədim. Azərbaycanın ayrı mərkəzi şəhərlərinin planları saytda var, amma Bakı haqqında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında ümumi sözlərdən başqa heç nə görmədim. İnkişaf etmiş xarici ölkələrdə isə belə deyil.
Hər bir məhəllənin və ya binanın təmiri və ya sökülməsi barədə dəqiq məlumatlar verilir. Bizdə isə hələlik əksinədir. İndiyə kimi iki bakılı o birini görəndə soruşur: “Binanızı nə vaxt sökəcəklər?” Heç kimin bu suala cavabı da yoxdur. Nəticədə Bakıda yüz minlərlə insan “çamadanların üzərində” yaşayır. Məlumatları yoxdur ki, evlərinin taleyi sabah nə olacaq... (Oxu.az)