“Təhlükəli zonada yerləşən evlərin sakinləri köçürüləcək, amma elə adamlar var ki, köçmək istəmir. Buna görə də alimlər konkret bir söz deməlirlər ki, biz də ona uyğun addım ataq”.
FED.az xəbər verir ki, bu sözləri bu gün Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar köçürülmüş sakinlərlə görüşdə Səbail icra başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, digər ölkələrdə sənədlər qaydasında olmayanda heç bir kompensasiya ödənilmir:
“Prezident İlham Əliyev tapşırıb ki, heç kəsə fərq qoyulmasın. Bu gün sürüşmə zonasında yerləşən 98 evdən cəmi birinin sənədi var. Bu evlər gecə ikən tikilən qanunsuz tikililərdir. Qəzalı vəziyyətdə olan evlər üçün kompensasiyanın məbləği ilə Maliyyə Nazirliyi məşğuldur. İlkin təyin olunan məbləğ az olduğu üçün sakinlər etiraz etdi, buna görə də yenidən baxılır. Son məbləğ bu günlərdə açıqlanacaq.
Əvvəlcə kimlərin köçürülməsi, kimlərin yerində qalmasına qərar verilməlidir. Mən Bakı şəhər prokurorluğuna rəsmi məktubla müraciət etdim, bunun əsasında cinayət işi başlanıb. Kimin günahkar olduğunu müəyyən etmək çətin məsələdir”.