İnşaat və əmlak

“Kristal Abşeron”nun kommunal haqları artırması - NARAZILIĞA SƏBƏB OLDU

“Kristal Abşeron”nun kommunal haqları artırması - NARAZILIĞA SƏBƏB OLDU | FED.az
08:54 9 Aprel 2019

"Kristal Abşeron" MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində yerləşən binalarda kommunal xidmətlərlə bağlı qiymətlərdə dəyişiklik etməsi və xidmət haqlarını sakinlərin narazılığına səbəb olub. 

FED.az bildirir ki, sakinlərin sözlərinə görə, əvvəllər mənzilin hər 1 kv/m-ə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb. Yaşayış kompleksində mənzilləri olanlar "Kristal Abşeron" MTK-nın qiymət artımına etiraz ediblər. Onlar bu dəyişikliyin büdcələrinə ciddi təsir göstərdiyini və əlavə problemlər yaratdığını bildiriblər.

Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu vurğulayıblar. Əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymətin 50 manata qaldırıldığını deyirlər.

“Kristal Abşeron” MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov ONA-ya açıqlamasında bildirib ki, əvvəllər sözügedən binalarda kommunal xidmət haqqı otaq sayına görə hesablanıb:

“Məsələn 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Bu aydan isə sakinlər hər 1 kv/m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Qaraja gəldikdə isə, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.

Şirkətin əməkdaşı sakinlərin göstərilən xidmət üçün ödəniş etməkdən imtina etdiklərini  də vurğulayıb:

“Şirkət rəhbərliyi təklif edir ki, əgər bizim xidmətlərdən imtina edirlərsə, kommunal xidmətlərin idarəçiliyi mənzil sahiblərinə verilə bilər”.

Digər xəbərlər