Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq.
FED.az xəbər verir ki, CESD, beyin mərkəzi kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün, bir sıra çətinliklər yarada bilər.
Eləcə də bax:Dövlətin kirayə mənzillərinin - HARADA OLACAĞI AÇIQLANDI
CESD-in rəhbəri Vüqar Bayramovun sözlərinə gröə, şərtlərə əsasən müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.
Eləcə də bax:Kirayə mənzillərin - KİMLƏRƏ VƏ NECƏ SATILACAĞI MƏLUM OLUB
Məsələ ilə bağlı CESD rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov təkliflə çıxış edib. Təklifdə aşağıdakılar qeyd olunur:
“Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin.
Eləcə də bax:Vergilərdən açıqlama: «Kirayə mənzillərdən vergi tutulacaq»
Şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək. Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləgi kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla 4 nəfər varsa, o zaman 4 nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir.
Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, müsbət kredit tarxiçəsi olan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i, kredit tarxiçəsi mənfi hesab olunan vətəndaşımızın da xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Ərizəçi subay olduqda müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni, əgər vətəndaş subaydırsa və onun aylıq əmək haqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni, o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarxiçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib, ona sahib ola bilməyəcək.
Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i müəyyənləşir. Yəni, aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əmək haqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləgi 244 manat olacaq. Bu isə o deməkdir ki, qənaətbəxş kredit tarxiçəsinə malik olan subay vətəndaşımız ayda 800 manat əmək haqqı alırsa, kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək.
Eyni zamanda, ailəli vətəndaşlar üçün 70%-in müəyyənləşdirilməsi də doğru deyil. Əgər ailədə 2 nəfər çalışırsa, onların birgə aylıq əmək haqqı 1500 manatdırsa və ailənin 4 nəfər üzvü varsa (2 valideyn, 2 uşaq), o zaman ailə üçün yaşayış minimumu 760 manatdır. 1500 manat 760 manat çıxıldıqdan sonra yerdə qalan gəlir 740 manatdır. Bu halda ailə maksimim 518 manat ödəniş qabiliyyətinə malik olan müraciətçi kimi götürüləcək. Bu isə o deməkdir ki, əgər 3 otaqlı mənzildə aylıq ödəniş haqqı 600 manat olacaqsa, ayda 1500 manat əmək haqqı alan və ailədə 2 uşağı olan ailə bu mənzillərə müraciət edib üçotaqlı mənzilə sahib ola bilməyəcək.
Deyilənləri nəzərə alaraq təklif edirik ki, öncə faizlərin dəyişdirilməsi həyata keçirilsin, çünki subay vətəndaşlarımız üçün müəyyənləşdirilmiş faizlər kifayət qədər sərtdir. Kirayə mənzillər həm də ona görə vacibdir ki, subay vətəndaşlarımız mənzilə sahib olub ailə qura bilsinlər. Amma mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır. Ailəli vətəndaşlarımıza münasibətdə də gəlirliliklə bağlı şərtlər kifayət qədər sərt olduğu üçün onların bu imkandan yararlanması çətinliklərlə müşayiət olunacaq.
Başqa çətinlik məhkumluğu olan vətəndaşlarımızın müraciət edə bilməməsi ilə bağlıdır. Fikrimizcə, bu məhdudiyyət diskriminasiyaya səbəb olur. Çünki hər hansı vətəndaşımız məhkumluq yaşayıbsa və islah olunubsa, həmin vətəndaşın yenidən işləmək, eyni zamanda mənzilə sahib olmaq hüququ var. Müraciət zamanı məhkumluğun meyar kimi nəzərə alınması arzuolunan deyil. Təklif edirik ki, bu məhdudiyyət tələblərdən çıxarılsın. Məhkumluq həyatı yaşamım vətəndaşlarımıza dəstək olmaq lazımdır ki, onlar yenidən cəmiyyətə inteqrasiya oluna bilsinlər.
Digər tərəfdən, hazırda paytaxda qalan vətəndaşlarımızın böyük bir qismi rayondan Bakıya gələnlərdir. Aparılan monitorinqlər gösətirir ki, həmin şəxslərin böyük bir qismi qeyri-formal məşğulluqda çalışırlar, yəni əmək müqaviləsi bağlanılmadan çalışırlar və ya əmək müqaviləsi baglanılsa da, əmək müqaviləsində məbləğ tam olaraq göstərilmir. Ona görə də daha məqsədəuyğundur ki, qeyri-formal məsğulluq olan vətəndaşlarımızın da məhz bu imkanlardan faydalanmasına imkan yaradılsın. Çünki kirayədə qalan vətəndaşlarımızın bu layihə ilə mənzilə sahib olması vacibdir. Amma onlar öz gəlirlərini rəsmiləşdirə bilmirlər və ya rəsmi gəliri təqdim etməkdə çətinlikləri mövcuddur. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondunun monitorinq aparmaq və bir sıra hallarda kredit verilən zaman zəmanət vermə imkanları var. O baxımdan biz təklif edirik ki, yalnız rəsmi əməkhaqqısı olan deyil, həm də qeyri rəsmi məşğulluqda çalışan vətəndaşlarımızın da bu imkanlardan faydalanması üçün mexanizm hazırlansın və mövcud mexanizmləri tətbiq etməklə daha çox vətəndaşımızın və xüsusən də hazırda kirayədə qalan, mənzilə ehtiyacı olan vətəndaşlarımızın bu imkandan faydalanmasına nail olunsun.
Bütün bunları nəzərə alaraq, təklif edirik ki, CESD təklifləri nəzərə alınmaqla kirayə mənzilərə müraciət ilə bağlı şərtlərin təkmilləşdirilməsi həyata keçiriləndən sonra layihənin icrasına start verilsin”-deyə təklifdə bildirilir.