Ötən il 1871 kirayə müqaviləsi rəsmiləşdirilib, bu il isə 925 müqavilə daha çox bağlanıb.
Bakı, Sumqayıt və Saray qəsəbəsində kirayə üsulu ilə satılan mənzillərin sayı açıqlanıb
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.
A. Zeynalov qeyd edib ki, kirayə mənzil mexanizminə maraq böyükdür, bu, həm vətəndaşların müraciətlərinin, həm də bağlanan müqavilələrin sayında özünü göstərir. O bildirib ki, mexanizmdən istifadə üçün müəyyən tələblər mövcuddur.
“Kirayə mənzillər yalnız Azərbaycan vətəndaşlarına təqdim olunur, müraciət edən şəxsin yaşı 60-dan yuxarı olmamalıdır, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalı və rəsmi gəlirə malik olmalıdır. Bu tələblərə cavab verən vətəndaşlar müraciətlərini elektron formada edə bilərlər. Vətəndaşların yalnız gücləndirilmiş elektron imza sertifikatı əldə etməsi kifayətdir; onlar öz elektron kabinetlərinə daxil olaraq müraciətlərini formalaşdıra bilirlər. Sistem tərəfindən vətəndaşlara növbəlilik əsasında avtomatik görüş günləri təyin olunur”, - deyə Aslan Zeynalov vurğulayıb.
Bakıda vətəndaşların qəbulu və məlumatlandırılması 2 saylı Kommunal Xidmət Mərkəzində, Sumqayıtda isə “ASAN Xidmət” mərkəzində həyata keçirilir. Müraciətlər tam avtomatlaşdırılıb və qiymətləndirmə prosesi 5 gün ərzində başa çatır. (Azərtac)










