Azərbağycanda turistlər üçün kirayəyə verilən evlər otellərin müştərilərinin bir qismini əlindən almağa başlayıb. Bu FED.az-ın ölkənin turist sektoru üzrə statistikasını araşdırarkən ortaya çıxıb.
Eləcə də bax: Kirayə evlər - UCUZLAŞACAQ
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 8 milyon 803,3 min xarici vətəndaş səfər edib. Amma bunların heç də hamısı turist olmayıb. Belə ki, səfər edənlərin 6 milyon 50 min nəfəri və ya 68,7%-i Azərbaycanda ya öz evlərində, ya da qohum və dostlarının evində gecələyiblər. Yəni ölkənin otel və kirayə evlər sektoru bu turistlərdən xeyir görməyib.
Ölkəyə səfər edən xaricilərin 2 milyon 753 mini isə otellərdə və kirayə evlərdə qalıblar. Məhz bu təbəqə real turistlər sayılır. Qeyd edək ki, bu rəqəmlər 2019-cu ilin yanvar-sentyabr aylarını əhatə edir. Yeri gəlmişkən, DSK-nin məlumatlarına görə, bu göstərici 2018-ci ilin bütün illik göstəricisini üstələyir. Belə ki, rəsmi məlumatlara görə, 2018-ci ildə «əsl turistlər»in (yəni qohum evi və öz evində qalmayanların) sayı 2 milyon 398,5 min nəfər olmuşdu.
Eləcə də bax: Bu ölkə kirayədə qalan turistlərdən - 1,4 MİLYARD DOLLAR QAZANIB
Bölgələrə gedən xarici turistlərin sayı azalıb
Qayıdaq 2019-cu ilə. Yanvar-sentyabr aylarında ölkəyə gələn turistlərin 2 milyon 183 min nəfəri (79,3%) Bakıya, 570 min nəfər (20,7%), yəni hər 5 turistdən yalnız biri bölgələrə səfər edib. Ötən illə müqayisədə, bölgəyə səfər edənlərin payı azalıb. Belə ki, 2018-ci ildə ölkəyə gələn turistlərin 72,4%-i Bakıya, 27,5%-i bölgələrə getmişdi.
Otellər itirir, kirayə evlər qazanır
2019-cu ilin yanvar-sentyabrında Azərbaycana gələn turistlərin 1 milyon 949,3 min nəfəri (70,8%) mehmanxanalarda, 804 min turist (29,2%) isə kirayə evlərdə qalıb.
Xatırladaq ki, 2018-ci ildə ölkəyə gələn turistlərin yalnız 323 mini və ya 13,5%-i kirayə evlərdə qalmışdılar. Turistlərin 2 milyon 75,5 mini və ya 86,5%-i isə otellərə üz tutmuşdu. Başqa sözlə, 2019-cu ilin hələ ilk 9 ayında kirayədə qalan turistlərin sayı 3 dəfəyə yaxın artıb.
Kirayə evlər Bakıdakı otellərin müştərilərini azaldır
Kirayə evlərin turizm sektorun təsiri özünü ən çox Bakıda göstərir. Belə ki, 2018-ci ildə Bakıya gələn 1 milyon 736,8 min nəfər turistdən 88,5%-i otellərdə, 11,5%-i kirayə evlərdə qalmışdı.
2019-cu ilin yanvar-sentyabr dövründə isə Bakıya gələn 2 milyon 183 min nəfər turistin 1 milyon 496,5 min nəfəri və ya 68,5%i otellərdə 686,5 min nəfər və ya 31,5% isə kirayə evlərdə qalıblar. Başqa sözlə, ötən il Bakıya gələn turistlərin təqribən 200 min nəfəri kirayə evlərə üz tutmuşdusa, bu il həmni göstərici 3,5 dəfə artaraq 700 min nəfərə yaxındaşıb. Otellərin payı isə 88,5%-dən 68,5%-ə düşüb.
Rayonlarda 120 min nəfər kirayə evlərdə qalır
Bölgələrdə isə 570 min turistin 452,8 mini və ya 79,4%-i otellərdə, 117,4 min nəfər və ya 20,6%-i kirayə evlərdə qalıb. 2019-cu ildə bölgələrdə də kirayə evlərin payı artmaqdadır. Amma bu proses Bakıdakı kimi sürətli getmir. Belə ki, 2018-ci ildə bölgələrə gedən 661,7 min nəfər turistdən
538 min nəfər (81,3%) otellərdə, 123,7 min nəfər isə (18,7%) kirayə evlərdə qalıb. Başqa sözlə, ilk 9 ayda turistlərin yerləşdirilməsində kirayə evlərin payı 2% azalıb.