Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi yekunlaşmaq üzrədir.
FED.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Məlumata görə, 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir:
""Azərbaycan" məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyə Respublikasının səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq".
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Layihə üzrə Azərbaycanın icraçı qurumu qismində MİDA fəaliyyət göstərir.
2024-cü il sentyabr ayının 11-də “Azərbaycan” məhəlləsində yeni MİDA tərəfindən inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutub. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı yerləşir. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materialları ilə təchiz olunmuş 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərinin olduğu 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana daxildir.
***
2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.
320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.
Layihə çərçivəsində zəlzələdə ciddi ziyan çəkən Sezai Karakoç ibtidai məktəbinin yerində Heydər Əliyev adına məktəb tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var. (Apa)