İsveçrənin Tiçino kantonunda (kanton regional ərazi vahididir) yerləşən ucqar kənlərdən birinin bələdiyyəsi kəndi dirçəltmək üçün pulsuz evlər üsuluna başlayıb.
İsveçrənin cənubundakı Qambaronyo bələdiyyəsi kənddəki ənənəvi taxta evləri 1 isveçrə frankına satmağı qərara alıb. Əvvəllər bu tikililərdə at saxlayırdılar, amma sonradan onlar təmir edilərək istirahət üçün rahat evlərə çevriliblər.
Qambaronyo kəndi ucqarda yerləşdiyinə görə, sakinlərin axını nəticəsində xeyli boşalıb. Kənd bələdiyyəsi ümid edir ki, evlərin 1 franka satılması tədricən kəndi bərpa edəcək.
Amma bunun üçün müəyyən tələblər nəzərdə tutulub. Şərtə görə, evi alanlar onu ənənəvi kənd stilində təmir etdirməlidirlər. Kəndin meri isə bildirib ki, yalnız o şəxslərin namizədliyinə baxılacaq ki, italyan dilinə maraq göstərsinlər və yerli həyata inteqrasiya etməyə hazır olsunlar..
Qeyd edək ki, 2019-cu ildə Tiçino kontonunda daha bir kənddə evlər ucuz qiymətə – 0,9 avroya satılmışdı. 2017-ci ildə isə Vale kantonundakı Albinen kəndi buraya köçənlərə ödəniş təklif edirdi. Lüsern yaxınlığındakı kəndlərdən biri isə yaşı 30-dan aşağı olanların buraya köçməsi üçün 1000 dollar təklif edirdi.