Bu vaxtadək 100-dən çox istismarına icazə verilmiş bina üzrə on minlərlə çıxarış vətəndaşlara təqdim olunub.
FED.az xəbər verir ki, bu barədə oktyabrın 2-də KİV nümayəndələrinə verilən ikinci binada keçirilən səyyar qeydiyyat kampaniyası çərçivəsində jurnalistlərə müsahibəsində Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov deyib.
Eləcə də bax: Çıxarışı olmayan mənzillər də - İPOTEKA İLƏ SATILACAQ - YENİLİK
O bildirib ki, ölkə başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” müvafiq Fərmanının icrası çərçivəsində komitə tərəfindən mühüm işlər görülür, nəinki jurnalistlərin binasında, bütün digər istismarına icazə verilən binalarda səyyar qeydiyyat xidmətləri təşkil olunur: “Eyni zamanda, biz buradan vətəndaşlara, MTK-lara səslənirik ki, bu işlərdə daha fəal olsunlar, sənədlərini toplayıb komitəyə təqdim etsinlər ki, mənzillərinin çıxarışlarını əldə etsinlər”.
Q.Xəlilov qeyd edib ki, komitənin Əmlak Xidməti Məkanı həftənin bütün günləri fəaliyyət göstərir. Eyni zamanda, vətəndaşların rahatlığı üçün biz səyyar qeydiyyat xidmətləri “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları təşkil olunur: “Bu ildən etibarən vətəndaşlara çıxarışlar yalnız elektron qaydada təqdim olunur. Vətəndaşlardan ilkin sənədlər toplandıqdan sonra onların mobil telefonlarına çıxarışların hazır olduğu barədə “SMS” lər göndərilir. Bu çıxarış bütün iqtisadi əməliyyatlarda hüquqi qüvvəyə malikdir. İstənilən alqı-satqı, girov əməliyyatlarında elektron çıxarışdan istifadə olunur. Bu isə təkrar qeydiyyatı və qeydiyyat prosedurlarını tam olaraq avtomatlaşdırır. Bu günədək komitəyə 100-dən çox istismarına icazə verilmiş binadakı mənzillər üzrə sənədlər daxil olub və on minlərlə çıxarışlar hazırlanaraq vətəndaşlara təqdim edilib”, - deyə o əlavə edib.
Azərtac