Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycanda səfiri Cuniçi Vadan ilə görüşüb.
Eləcə də bax: İşğaldan azad olunmuş ərazilərdəki daşınmaz əmlaklar inventarlaşdırılacaq
FED.az bu barədə Komitəyə istinadən xəbər verir.
Komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib.
Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə apardığı anti-terror və sülhə məcburetmə əməliyyatarı nəticəsində işğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır.
Səfir Cuniçi Vada Azərbaycanda beynəlxalq hüququn tələbinə uyğun olaraq tezliklə sülhün bərqərar olunacağına inandığını bildirib, Yaponiyanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bir çox sahələrdə mövcud olan əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı, o cümlədən layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.