Sentyabrın 29-30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyilə jurnalistlər üçün “Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri” mövzusunda təlim keçirilib.
FED.az xəbər verir ki, əhalinin mənzil təminatı, habelə sahibkarlığa dəstək sahəsində dövlət siyasətinin ictimaiyyətə daha geniş çatdırılması, ölkədə aparılan media islahatlarına dəstək, eyni zamanda İKZF və media subyektləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə keçirilən təlimdə iqtisadi mövzuların işıqlandırılmasında ixtisaslaşmış 20 jurnalist iştirak edib.
Tədbirdə “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, “Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi”, “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanət və subsidiya verilməsi”, “Elektron ipoteka və kredit zəmanət sistemi: şəffaflıq və əlçatanlıq” mövzularında təqdimatlar edilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda media nümayəndələrinə təlimdə iştirak haqqında sertifikatlar təqdim edilib.