Bugünədək Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına maliyyələşdirilmiş ipoteka kreditləri vasitəsilə 38 mindən çox ailə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ipoteka kreditlərinin həcmi isə 2,1 mlrd. manatı keçib.
Eləcə də bax: İKZF: "İpoteka krediti üzrə orta aylıq ödəniş orta maaşın 66%-i qədərdir"
FED.az xəbər verir ki, Fonddan verilən məlumata görə, bu kreditlər vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış insanların, ailələrin 70%-i gənclərdir.
“Fondun tələblərinə uyğun verilmiş ipoteka kreditlərinin 35%-dən çox hissəsini dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir”, - məlumatda qeyd olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2005-ci ildə Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılıb və 2006-cı ilin martından etibarən ölkədə ilk uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb.
Məlumata görə, dövlət dəstəyi ilə illər ərzində Fondun vəsaiti hesabına maliyyələşdirilən ipoteka kreditləri əhaliyə güzəştli şərtlərlə təklif edilmiş, aşağı və orta gəlirli əhali qruplarının ipoteka kreditlərinə çıxışı təmin edilmişdir. Hazırda Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 4%, adi ipoteka kreditləri üzrə isə 8% təşkil etsə də, müvəkkil banklar arasında yaradılmış rəqabət mühitinin nəticəsi olaraq, ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,12% təşkil edir. İpoteka krediti üzrə ilkin ödənişə tələb isə 10%-dən başlayır. İpoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir və beləliklə borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır.
“2022-ci ilin ilk rübündə Fondun xətti ilə verilən ipoteka kreditləri üzrə orta aylıq ödəniş 504 manat təşkil etmişdir ki, bu da ölkə üzrə orta aylıq əmək haqqının (768,3 manat) təxminən 66%-i həddindədir”, - məlumatda vurğulanır. (Apa)