Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) şəhərsalma, şəhər planlaşdırılması və yer quruluşu işləri sahəsində əməkdaşlığa başlayır. FED.az xəbər verir ki, bu məqsədlə 16 may tarixində iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
ƏMDK-nin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən görüşdə əvvəlcə iştirakçılara daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatı prosesi və yeni yaradılmış müasir ünvan reyestri barədə məlumat verilib. Bu sistemlərin vahid mərkəzdən idarə edilməsi və çalışması imkanları, tətbiq edilən yeniliklər nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan ƏMDK sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda daşınmaz əmlakın modern və çevik idarəetmə sistemi yaradılıb. Bunun üçün Komitə tərəfindən çoxsaylı yeniliklər tətbiq edilir, o cümlədən bu sahə tamamilə elektronlaşdırılıb, vahid məlumat bazaları yaradılıb və əmlakın idarəçiliyindən onlardan istifadə olunur. İndi komitə torpaqların mükəmməl elektron kadastr uçotu və onlara nəzarət sistemini yaradır, bunun üçün Peyk nəzarət sistemi qurulur. Bu məlumatlar və göstərilən xidmətlər vahid məkan məlumatları sistemində birləşəcək. Bütün bunlar özəlləşdirmə prosesinin tam elektronlaşməsina və əmlakın qeydiyyatı xidmətlərinin maksimum sadələşməsinə imkan yaradacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə imzalanan memorandumun əhəmiyyətinə toxunan sədr qeyd edib ki, bu sənəd daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır. Memoranduma əsasən hər iki quruma aid məlumatlar vahid formata uyğunlaşdırılacaq. Dövlət şəhərsalma kadastrı isə Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiya eiləcək.
Bundan başqa tərəflər öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, şəhərsalma sahəsində infrastrukturun yaradılması və inkişafı istiqamətində birgə fəaliyyətə başlayır. Yerquruluşu, kadastr, geodeziya, şəhərsalma və arxitektura sahəsində beynəlxalq təcrübə araşdırılacaq, elmi-texniki nailiyyətlərin tətbiqi genişlənəcək. Artıq bu işlərin reallaşdırılması üçün işçi qrupu da yaradılır. .
DŞAK-nin sədri Samir Nuriyev xidmətlər sahəsində innovativ layihələrin icrasında ƏMDK ilə əməkdaşlığın önəmini qeyd edərək bildirib ki, bu əməkdaşlıq görülən işlərin səmərəsini artıracaq.
Sonda Kərəm Həsənov və Samir Nuriyev iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayıblar. Memerandumda Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin görülən işlər zamanı ixtisaslı kadrların cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağrışlara uyğun olaraq təhlili qeyd edilib.
İki dövlət komitəsi Bakını dəyişəcək - İMZALANMA
19:17
17 May 2018