Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
MİDA-dan FED.az-a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.
Vətəndaşların rahatlığı məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatları Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC oldu.
Bank VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupuna daxildir. 2009-cu ildən fəaliyyətə başlayan bank fiziki şəxslərə, eləcə də korporativ, kiçik və fərdi biznesi təmsil edən müştərilərə rahat və sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmət göstərir.
Ölkənin ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankı geniş xidmət şəbəkəsini özündə birləşdirir. Respublika üzrə bankın 36 filialı, 38 şöbəsi fərdi və korporativ müştərilərin xidmətindədir.
Xatırladaq ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatdı. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “UniBank” və “Azər-Türk Bank” ASC ilə bağlanmışdır.
İki bank sosial mənzil üçün - KREDİT VERƏCƏK - MÜQAVİLƏ
13:46
6 Sen 2018