Tikinti icazələrinin alınması proseduru çox vaxt aparır və bəzi hallarda bu müddətin böyüklüyü səbəbindən investorlar bu sahəyə yatırım etməkdən çəkinir.
FED.az xəbər verir ki, bu barədə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov rayonda sahibkarlarla keçirilən görüşdə bildirib.
O, bu məsələ ilə bağlı KOBİA rəhbərliyi və Agentliyin sədri Orxan Məmmədova da müraciət edərək bu məsələnin həlli ilə bağlı dəstək verməsini xahiş edib.
«Bu gün Şəkidə tikniti sektoru çox zəif inkişaf edib, bunun da səbəblərindən biri sənədləşmə prosesinin çox uzun çəkməsidir. Təkcə tikintini icazəsinin alınması prosesi təqribən 1 ilə yaxın çəkir»-deyə icra hakimiyyətinin başçısı bildirib.
İcra başçısının sözlərindən məlum olub ki, Azərbaycanda tikinti icazələrinin verilməsi prosesinin sadələşdirilməsi üçün tətbiq edilən «Bir pəncərə» prinsipi də bu sahədə problemi həll etməyib və prosesi sürətləndirməyib.
«Yəni birbaşa «Bir pəncərə» ilə bağlı sənədlərin bizə gndərilməsi, sonradan Arxitektura Komitəsinə göndərilməsi, sonra yenə də FHN-ə göndərilməsi nəticəsində, bu proses uzanaraq gedir. Və investolar bunu görəndə geri çəkilirlər».
İcrabaşçısı xatırladıb ki, hazırda tikinti sektoru ən uğurlu və yatırılan vəsaitin daha tez qaytarılan sektorlarından biridir: «Ən əsası bu gün iş yerlərinin çoxu da məhz tikinti sektorunda yaradılır».
E.Usubovun sözlərinə görə, məhz tikinti icazələrindəki çətinliklər səbəbindən Şəkidə tikinti sektoru zəif inkişaf edib. «Bizim rəqəmlərimiz göstərir ki, Şəkidə ən çox investisiya kənd təsərrüfatı və turizmə, ən aşağı yatırım isə tikintiyə yatırılır».
İcra başçısı qeyd edib ki, artıq şəhərdə tikinti ilə bağlı ilkin pilot layihəsi var, amma ona tikinti icazəsini müzakirə etmək tələb olunur.