“MİDA” MMC Mənzil İnşaatı Dövlət Agentliyi "Hövsan" Yaşayış Kompleksində 5 yeddimərtəbəli yaşayış binasının tikintisi çərçivəsində 11 şirkəti podrat işlərinə cəlb edib.
FED.az rəsmi mətbuata istinadən xəbər verir ki, “Podratçilarin seçimi 13 lotdan ibarət açıq tender üsulu ilə aparılıb. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində 11 şirkət seçilib. Həmin şirkətlərlə 5 yeddimərtəbəli yaşayış binasının tikintisinə dair podratçı müqavilələri imzalanıb”, - Dövlət Agentliyindən qeyd ediblər.
Yeddimərtəbəli yaşayış binasının 5 seksiyasının tikintisi üzrə podratçılar aşağıdakı şirkətlər olub: ev №1 - "HN Construction" MMC və "Petlit", ev №4 - "K.E.Insaat MMC" və “Akkord Sənaye Tikinti İnvestisiya korporasiyası”, ev №5 - "Merkuriy İnşaat/Conco/Azər-İnşaatçı" MMC şirkətlər konsorsiumu, ev №6 - "Cinar İnşaat/Caspian Service" şirkətlər konsorsiumu, MEK AN və SNT İnşaat/AKA şirkətlər konsorsiumu.
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.