Suraxanı rayonunun Hövsan qəsəbəsində inşa edilən yaşayış kompleksində mənzillərin bir hissəsi hərbiçilərə ayrılıb.
FED.az Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkə başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Eləcə də bax: Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR
Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib.
Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.