Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə Nazirlikdə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin fəaliyyəti haqqında məlumatlar dinlənilib. Eləcə də onların özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər kompleksinin müəyyənləşdirilməsi, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları müzakirə edilib, potensial investorlara əlverişli şəraitin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalı, İşçi Qrupunda təmsil olunan qurumların səlahiyyətləri daxilində bu sahəyə dəstək göstərilməlidir.
Qeyd edək ki, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.