Bakı şəhərində ciddi infrastruktur dəyişiklikləri və ərazilərin yenidən qurulması prosesi, şəhərin indiyədək sakit həyatını yaşayan hissələrinə də gəlib çatıb. Bir neçə ay əvvəl ərəb holdinqi ilə bağlanmış və paytaxtda böyük ərazinin yenidən qurulmasını nəzərdə tutuna müqaviləyə əsasən bəzi ərazilərin köçürüləcəyi elan edilib.
FED.az xəbər verir ki, söhbət Bakıda Böyükşor gölünün ətrafındakı ərazilər, ümumiyyətlə Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin köçürülməsindən və yenidən qurulmasından gedir. İlk baxışdan park və zavod fabrik sahələri təsiri bağışlasa da, Bakının iki böyük sənaye ticarət mərkəzi – «Dərnəgül» və «Baksol» adlanan ərazilərdəki tikinti bazarları da bu ərazilərə düşür. Dəyişikliklər çərçivəsində bu bazarların da köçürülməsi nəzərdə tutulur. Artıq məsələ barədə ən həssas təbəqənin, həmin ərazilərdə çalışan çoxsaolı sahibkarların məlumatlandırılmasına başlanılıb.
FED.az xəbər verir ki, bu məsələ bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının nümayəndələrinin sahibkarlarla görüşündə müzakirə edilib.
KOBİA-nın sədri Orxan Məmmədov, AYNA-nın sədri Anar Rzayev, Bakı Şəhər İcra Hakimiyyəti, Biznesin İnkişafı Fondu, Dövlət Yol Polisinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər və nümayəndələrinin, eləcə də 100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə əsas məqsəd, Bakıda gözlənilən dəyişikliklər və bu dəyişikliklər nəticəsində sahibkarların hazırda işlədikləri ərazilərin köçürüləcəyinin açıqlanması idi.
Tədbirdə iş adamlarına bildirildi ki, qarşıdakı illərdə Bakıda reallaşmağa başlayacaq iri infrastruktur layihələri ilə əlaqədar olaraq şəhərin infrastrukturunda və sahibkarların fəaliyyət göstərdiyi ərazilərdə dəyişikliklər olacaq. Daha dəqiqi, həmin ərazilər köçürüləcək və onun yerində xarici investorlar tərəfindən yeni ticarət və istirahət sahələri inşa ediləcək. Bununla bağlı Nazirlər Kabinetinin sərəncamı artıq qəbul olunub, əraziləri yenidən ouracaq investorla imzalanmış müqavilə də stolun üstündədir.
Söhbət nədən gedir?
Bu proseslərlə bağlı əsas sənəd Nazirlər Kabinetinin 15 sentyabr 2025-ci il tarixli sərəncamıdır. Həmin sərəncama əsasən Bakı şəhərinin bəzi əraziləri dövlət-özəl tərəfdaşlığı çərçivəsində razılaşdırılmış layihələr əsasında yenidən qurulacaq. Bu layihələrə investisiyaların cəlb edilməsi və investorlara dəstək verilməsi məqsədilə işçi qrup yaradılıb. Qrupun sədri baş nazirin müavini Samir Şərifov, müavinləri isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir. Burada bütün əsas dövlət qurumları təmsil olunur. İşçi qrupun işi investorların təqdim etdiyi yenidənqurma layihələrini qiymətləndirsin və ona icazələrin alınmasına dəstək versin.
İşçi qrupun görəcəyi əsas işlərdən biri də yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsidir.
Proses Böyükşor gölündən başlayıb
Yenidənqurma prosesinin başlayacağı ilk ərazilər Böyükşor gölü ətrafı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilər, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafıdır. Bu ərazilər xarici dövlət-özəl tərəfdaşlığı çərçivəsində razılaşdırılmış layihələr əsasında yenidən qurulacaq.
Xarici investorları çox axtarmaq lazım olmayıb, sərəncamdan bir neçə gün sonra Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunda Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi tərəfindən imzalanan sənədə əsasən Böyükşor gölü ətrafında 5 milyard dollarlıq investisiya ilə sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq.
«Dərnəgül» və «Baksol» bazarları köçürüləcək
Sözügedən layihə Binəqədi gölünün ətrafı ilə yanaşı, bu ərazilərdəki tikinti materialları və sənaye bazarlarının da köçürülməsinə səbəb olacaq. Hazırda yüzlərlə sahibkarın çalışdığı bu bazarlar aktiv fəaliyyət göstərir. Nazirlər Kabinetinin sərəncamına əsasən, layihəyə görə onlar da başqa ərazilərə köçürüləcəklər. KOBİA-nın tədbirinin keçiirlməsində də məqsəd bu barədə sahibkarlara xəbərdarlıq etmək və alternativ əraziləri təklif etmək idi. Tədbirdə bəzi alternatiav ərazilərin adı çəkildi – bildirildi ki, bunlardan biri Abşeron Ticarət Mərkəzi ola bilər. Yeri gəlmişkən, tədbir özü də Abşeron Ticarət mərkəzində keçirilirdi və burada mərkəzin nümaynədəsinin buradakı imkanları nümayiş olundu.
«Nə vaxt köçürüləcək, bizə vaxtı, qiyməti və şərtləri deyin»
Tədbirdə iştirak edən sahibkarları maraqlandıran əsas məsələ isə köçürülmə prosesinin nə vaxt başlanacağı və hansı şərtlərlə olacağı idi. Dövlət qurumlarına sual verən sahibkarlardan biri – inşaat materiallarının satışı ilə məşğul olan şirkətlərdən birinin rəhbəri «Baksol» bazarındakı obyektlərin gələcək taleyi ilə maraqlandı, bu obyektlər köçürüləcəkmi və əgər bu barəş verəcəksə proses nə vaxt başlayacaq, və obyektlərin alqı-satqısı necə baş verəcək?
Suala cavab verən KOBİA nümayəndəsi bildirdi ki, «hökumətin qərarı ilə yaradılmış işçi qrup tərəfindən həmin ərazidə əmlakı, yəni torpağı və tikilisi olan və bununla bağlı mülkiyyət sənədi olan sahibkarları qeydiyyata alınır. Və bu ərazilər dövlət ehtiyacları üçün alınanda ona uyğun kompensasiya veriləcək».
İş adamlarına bildirildi ki, həmin ərazilər köçürüləndə hətta sənədi olmayan sahibkarlar da nəzərə alınacaq: «Həmin ərazidə fəaliyyət göstərən sahibkarlar, kimin sənədi varsa, hətta olmayanlar da, işçi qrup bir-bir bütün sahibkarlarla görüşəcək, qeydlərini aparacaq, onlara kompensasiya kimi, ya ödəniş, ya da şəhərin başqa yerlərində torpaq sahələri verəiləcək.
«Bəlkə bizə yeni layihədən obyekt verəsiniz?»
Tədbirdə sahibkarlar təklif etdilər ki, əgər ərəb holdinqinin 5 milyard dollara tikəcəyi yeni layihədə ticarət obyektləri olacaqsa, belə varinat mümkündürmü ki, köçürülən bazarlardakı əmlakın pulu verilməsin, əvəzinə yeni layihədən ticarət obyektləri ayrılsın? İş adamları bildirirlər ki, gələcəkdə yeni tikilən ərazilərdən obğyekt almaq şərti ilə indiki obyektlərini satmadan da çıxa bilərlər.
Amma dövlət qurumları bu təklifdən yerindəcə imtina etdilər – sahibkarlara deyildi ki, yeni layihədə bazar tipli ticarət obyektləri nəzərdə tutulmayıb: «Ora artıq sənaye ticarət zonası olmayacaq. Burada parklar, istirahət məkanları və sair olacaq. Ona görə də həmin ərazilərdən obyekt ayrılması mümkün deyil».
«Dərnəgül» bazarı nə vaxt köçürüləcəksə, bizə dəqiq deyin, işimizi bilək»
Tədbirdə «Dərnəgül» bazarında çalışan sahibkarlar bazarın küçürülüb-köçürülməyəcəyini, bu olacaqsa dəqiq vaxtını soruşdular.
İş adamına bildirildi ki, «Dərnəgül» bazarı köçürüləcək, indi bununla bağlı hazırlıq işləri gedir: «Bizim görüşümüzün də məqsədi sahibka rları məlumatlandırmaq, köç başlayana qədər məlumat verməkdir». Köçürülmə prosesinin nə vaxt başlayacağına gəlincə, bildirildi ki, Nazirlər Kabinetinin bununla bağlı sərəncamında konkret müddət göstərilməyib: «Bununla bağlı yaradılmış işçi qrupu baş nazirə rəy hazırlayacaq və bu rəyə əsasən müddət müəyyən ediləcək. Yəqin ki, sahibkarların köçürülməsi üçün 1 ildən az olmayan müddət təyin ediləcək. Görüşün də məqsədi sizə çatdırmaq dır ki, köçürülmə prosesi əvvəl-axır baş verəcək və sahibkarlar indidən buna hazır olmalıdırlar» » - deyə bildirilib.
«Kvadratı 3500 manata deyirlər, amma 5 min də azdır»
Sözügedən ərazidə işləyən sahibkarlar köçürülmə ilə bağlı məlumatlıdırlar, onlar bunu artıq bir neçə aydır ki, bilirlər. Amma iş adamlarını maraqlandıran əsas məsələ. Prosesin nə vaxt və hansı şərtlərlə olmasıdır. Sahibkarlar bildirirlər ki, onların obyektlərinin kompensasiya qiymətinin hər kvadratmetrə görə 3500 manat olacağını, torpağın isə sotunun 20-25 min manat ətrafında olacağını eşidiblər. Amma qiymətin belə olacağına əmni deyillər, əksinə, bəziləri bu məbləğin də aşağı olduğunu bildirir: «Elə obyektlər var ki, dövriyyəsi və gəlirinə görə, kvadratı 5 min manata olsa da, aşağı qiymətdir».
Xatırladaq ki, Bakıda Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.
Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib.



![Hökumət: Ərəb holdinqi $5 milyardlıq layihə ilə gəlir, «Dərnəgül» və «Baksol» bazarı köçürüləcək – [red]Sahibkarlar: «Vaxtı və qiyməti deyin»[/red] | FED.az](upload/news/small/2859001.jpg)
![Hökumət: Ərəb holdinqi $5 milyardlıq layihə ilə gəlir, «Dərnəgül» və «Baksol» bazarı köçürüləcək – [red]Sahibkarlar: «Vaxtı və qiyməti deyin»[/red] | FED.az](upload/news/small/2316301.jpg)







