2019-cu ildə Azərbaycan hökuməti imtiyazlı təbəqələrin mənzillə təminatı üçün hazır binalardan yüzlərlə ev almağı planlaşdırır. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Onun sözlərinə görə, məcburi köçkünlər, şəhid ailələri və digər təbəqələrin mənzillə təminatı işləri bu il də davam edəcək:
Eləcə də bax: Azərbaycanda tikinti şirkəti hökumətə müraciət etdi - «EVLƏRİ BİZDƏN ALIN»
Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.
Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.
Hökumət bu il «novostroyka»lardan yüzlərlə ev alacaq – PREZİDENT AÇIQLADI
14:53
25 Fev 2019