Diqqət: Bu material FED.az-ın məhsuludur və onun başqa saytlarda dərc edilməsi qadağandır.
Fərdi ev və ya həyətin üstünlüyü xüsusilə yay aylarında, istilərin gəlişi ilə əhalinin çaya, dənizə axını başlayanda hiss olunur. Belələri dənizin ləzzətini evdən çıxmadan, həyətdə hovuz yaratmaqla hiss edə bilərlər.
Eləcə də bax: Damda çimərlik və çay keyfi – TERRASINIZ VARMI? – ƏMLAK BAZARI
FED.az xatırladır ki, üstəlik korrnavirusun gətirdiyi məhdudiyyətlər dövründə bu lap yerinə düşür. Amma məsələ təkcə istilərdə deyil. Ekspertlər hələ də tərəddüd edənlər üçün həyətdə hovuz yaratmağın bir neçə səbəbini göstərirlər.
Hovuz tikmək üçün 3 əsas səbəb
Əvvəla, həyətdə hovuz olanda böyük vaxt itirib dənizə getməyə ehtiyac qalmır. Elə həyətdəcə ailə və dostlarla əla istirahət etmək mümkündür.
İkincisi, dəniz və ya çay mövsümü iqlimdən asılıdır. Bundan fərqli olaraq, hovuz mövsümü yazdan payızın sonunadək uzanır. Üstünü örtmək və müasir isitmə texnologiyalarından istifadə etməklə isə hovuzda il boyu üzmək mümkündür. Ekspertlər həyətdə və ya evdə hovuzun olmasının evdəki uşaqlar üçün xüsusilə faydalı olduğunu bildirirlər. Erkən üzməyə başlayan uşaqların daha sağlam və möhkəm böyüməsi hamıya məlum olsa da uşaqları şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən hovuzlara daima aparmaq heç də həmişə mümkün olmur. Hovuz həyətdə olanda isə problem öz-özünə həll olunur.
Üçüncüsü, müxtəlif bakteriya və tullantılarla çirklənmiş dənizdən fərqli olaraq hovuzun suyunu təmizləmək mümkündür. Nəhayət, həyətdə hovuzun olması sahibinin prestijini, eləcə də əmlakın qiymətini artırır. Hovuzu olan daşınmaz əmlak digərlərindən 15-20% bahadır.
Azərbaycanda həyət evlərinin və villaların sayının artdığını nəzərə alanda hovuz tikintisinə marağın böyüyəcəyi də şübhə doğurmur. FED.az-ın ekspertləri bu dəfə fərdi evin həyətində hovuzun tikintisi üçün nə qədər vəsait lazım olduğunu hesablayıblar.
HOVUZ NEÇƏYƏ BAŞA GƏLİR?
Söhbət həyətyanı ərazidə daxili ölçüləri 4m x 8m x 1,6m (dərinliyi) olan hovuzun tikintisindən gedir. Layihəyə görə, hovuzun divarları qalınlığı 20 sm-ə çatan daşdan hörülür, döşəmədə və divarlarının daxilində 20 sm qalınlıqda beton qatı yaradılır. Sonra divarların daxildən izolyasiya qatı və kafel-metlaxla üzlənməsi nəzərdə tutulur.
Hovuzun işinin təmin edilməsi üçün burda nasoslar, transformator, su təmizləmə və qızdırıcı, tozsoran, eləcə də işıqlandırma vasitələri və kanalizasiya sistemi qurulur. Bütün bunlar hovuzun yaxınlığında nəzərdə tutulan kiçik qazanxanada yerləşdirilir. Beləliklə…
Torpaq işləri
Xərclər |
Məbləğ |
Əmək haqqı |
778 manat |
Material xərcləri |
- |
Ümumi |
778 manat |
Hovuzun tikintisi üçün torpaq işlərinə özül çalasının ekskavatorla qazılması, burdan çıxan təqribən 100 m3 və ya 126 ton torpağın avtomobillə 5 km-ə daşınması, çalanın əllə düzəldilib, dibinin qırmadaşla döşənməsi daxildir. Əsas xərclərə gəlincə, 100 m3 həcmində çalanın qazılması 300 manata, 100 m3 və ya 126 ton torpağın daşınması isə 378 manata başa gəlir. Çalanın əllə düzəldilməsi və dibinə qırmadaşın verilməsi 100 manat xərc tələb edir.
Hörgü və beton işləri
Xərclər |
Məbləğ |
Əmək haqqı |
1 044,0 manat |
Material xərcləri |
4 869,0 manat |
Ümumi |
5 913,0 manat |
Layihəyə görə, hovuzun tikintisi üçün əvvəlcə hovuzun qalınlığı 20 santimetr olan divarları mişar daşı ilə hörülməli, döşəmə üçün armatur toru qurulmalı, divarın betonlanması üçün tor və qəlib quraşdırılmalı, bütün bunlardan sonra isə qəlibə beton verilməlidir. Əmək haqqı olaraq 58 m2 divarın hörülməsi üçün 232 manat, 37 m2 armatur torunun qurulması 111 manat, divarın betonlanması üçün 44 m2 torvə qəlibin quraşdırılması 352 manata, 76 m2 sahəyə beton verilməsi üçün əl işləri 304 manat tələb edir. Əks doldurma işləri isə 45 manata başa gəlir.
Material xərclərinə gəlincə, hörgü-beton işlərində 750 mişar daşı (1 ədədi 55 qəpik), 14 m3 beton (1 m3-u 120 manat), təqribən 1,6 ton armatur (tonu 1150 manat), 1 ton sement (tonu 150 manat) və başqa tikinti materialları tələb olunur.
Ümumilikdə hovuzun yaradılması üçün xərclərin təqribən 34%-i məhz hörgü-beton işlərinə sərf edilir.
İzolyasiya işləri
Xərclər |
Məbləğ |
Əmək haqqı |
608,0 manat |
Material xərcləri |
1 190,0 manat |
Ümumi |
1 798,0 manat |
İzolyasiya işləri suyun sızması və konstruksiyanın korroziyasının qarşısını almaq məqsədi daşıyır. Bunun üçün bütün divar və döşəmədə (76 m2) ikiqat izolyasiya toru qurulur və izolyasiya materialı ilə suvanır (1 m2 suvaq işi üçün əmək haqqı 8 manat). 140 m2 izolyasiya torunun alınması 560 manat (1 m2-i 4 manat), 210 kq izolyasiya materialanın alınması 630 manat (1 kq-ı 3 manat) xərc tələb edir.
Kafel-metlax işləri
Xərclər |
Məbləğ |
Əmək haqqı |
1 020,0 manat |
Material xərcləri |
2 743,0 manat |
Ümumi |
3 763,0 manat |
Hovuz tikintisində kafel-metlax işləri hovuzun divarlarının (44 m2) mozaika kafellə, döşəmənin (32 m2) mozaikalı metlaxla, hovuzun ətrafının isə mərmərlə üzlənməsini (hovuzun kənarı boyunca 26 metrlik mərmər kəmərin çəkilməsini) nəzərdə tutur. Kafel metlax işlərinin hər kvadratmetri 10 manata, hövuz ətrafının mərmərlə üzlənməsi isə hər metri 10 manat olmaqla 260 manata başa gəlir. Bu işlərə tələb olunan 76 m2 kafel-metlaxın hər kvadratmetri 20 manata, mərmər lövhənin isə hər metri 28 manata başa gəlir. Kafel-metlax işləri üçün 330 kq yapışdırıcı 396 manata, 71 kq dolğu 199 manata başa gəlir.
Kiçik qazanxananın düzəldilməsi, santexnika və elektrik işləri
Xərclər |
Məbləğ |
Əmək haqqı |
965,0 manat |
Material xərcləri |
4 194,0 manat |
Ümumi |
5 159,0 manat |
Hovuzun normal fəaliyyətini təmin edəcək əsas qurğular - kiçik qazanxana, su nasosları, təmizləyici qurğu, transformator, su qızdırıcısı, sualtı lampalar və pilləkəndir. Bunun üçün qazanxananın divarın suvanmalı, döşəməsinə beton verilməli, eləcə də, qazanxananın üstünün düzəldilməsidir. Bu işlər üçün əmək haqqı 265 manata başa gəlir. Nasos, su təmizləyici qurğu, paslanmayan borular, trap və pilləkənin quraşdırılması 350 manata, sualtı lampaların, transformator, qızdırıcı və təmizləyicinin quraşdırılması da 350 manata başa gəlir. Bu işlər üçün material xərcləri isə 4000 manatdan artıqdır. Bunun böyük hissəsi təmizləyici qurğunun (750 manat), nasosun (780 manat), su qızdırıcısının (700 manat) alınmasına sərf edilir. Paslanmayan borular 600 manata, sualtı lampalar 280 manat, pilləkənin alınması isə 350 manata başa gəlir.
Yekun xərclər
Xərclər |
Məbləğ |
Əmək haqqı |
4 415,0 manat |
Material xərcləri |
12 996,0 manat |
Ümumi |
17 411,0 manat |
Beləliklə, hovuzun tikintisi üçün nəzərdə tutulan əsas işlərin görülməsi ümumilikdə 17 411 manata başa gəlir. Bundan 12 996 manat və ya 75% material xərclərinə, 4415 manatı və ya 25% isə əmək haqqına sərf edilir.
Əlavə xərclər
Bu hesablamalar hovuzun tikintisi üçün əsas xərcləri göstərir. Amma lazım gəlsə, burda əlavə rahatlıqlar da yaratmaq, məsələn hovuzun üzərində çətir quraşdırmaq mümkündür. Məsələ bundadır ki, açıq hovuzlar cəmi 3 ay istifadə olunur, tez çirklənir, burda həmişə əlavə təmizlik işləri aparmaq lazım gəlir. Örtük isə təmizliyə və gigiyenik şəraitə imkan verir. Bundan başqa, hovuzun qışda da istifadə olunması üçün onun ətrafının bağlanması mümkündür. Parça materialından çətirlər 1000-1500 manata, avtomatik idarə olunan şüşə materialından hazırlanan çətirlər isə 3000-5000 manata başa gəlir.