Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib. FED.az xəbər verir ki, iştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada vermişdir. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.
Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapdı. İştirakçı sahəsi 109.5 kv.m olan dövlət obyektini 1750 manata özəlləşdirdi. Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110.8 kv.m sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi oldu.
Bu dəfə hərracda nəqliyyat vasitələri rəqabət yaratdı. Buraxılış tarixi 2001 olan Hyundai Choros markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunmuşdur. Hərracda 2 iştirakçı arasındakı rəqabət ilə avtomobilin son qiyməti 5 min 450 manata yüksəldi. UAZ markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçdi. 2 min 450 manat təklif edən iştirakçı tərəfindən nəqliyyat vasitəsi özəlləşdirildi. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 25 iyun tarixində keçiriləcək. Hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb. İstehsal tarixləri 1996-2010 olan avtomobillər Mercedes, Renault, Fiat və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.
Hərracda Hyundai avtomobili – 6 MİN MANATA SATILDI
15:34
18 İyun 2019