Bakıda vaxtilə bankda girov qoyulmuş daha bir obyekt kredit ödənilmədiyinə görə hərraca çıxarılaraq satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus "Aqrarkredit" BOKT-un balansında olan daşınmaz əmlak satılıb.
Fevralın 4-də keçirilən hərraca Bakının Sabunçu rayonunun Bakixanov qəsəbəsində yerləşən qeyri-yaşayış binası çıxarılıb. 0,9279 hektar, yəni təxminən 93 sot torpaq sahəsində yerləşən, tikinti sahəsi isə 9 202 kvadratmetr olan obyektin ilkin qiyməti 3,6 milyon manat qiymət müəyyən edilmişdi. Amma hərracın gedişində qiymət təqribən 2 dəfə artaraq 6,65 milyon manata yüksəlib. Başqa sözlə, obyekt ilkin qiymətindən 3 milyon manat baha satılıb.










