Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.
Bakıda tarixi binaların xüsusiyyətlərinə uyğun olmayan reklamların qarşısı alınacaq - RƏSMİ
FED.az xəbər verir ki, belə bir iddia ilə Türkiyənin "artigercek.com" saytı çıxış edib.
Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.
Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib. Binanın yanındakı tikilidə mənzili olan İlyas Bayezit adlı şəxs isə pəncərələrin tamamilə bağlandığını bildirib. Daha sonra Bayezit 2019-cu ildə müxtəlif yerlərə lazımi şikayətlər edib. Bununla belə, şikayətlərə 2020-ci ildə baxılıb.
İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, digər aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.
Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.
İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. O, İlyas Bayezitin şikayət etməkdə məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirib. Abutalıbov şikayətçinin “Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm” dediyini iddia edib. Beyazit isə Abutalıbovla görüşmək üçün onun ofisinə çağırıldığını, lakin sonradan bu görüşün "basqın" kimi təqdim edildiyini bildirib. (Apa)