Müvafiq dövlət orqanlarının “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma Plan/Baş plan layihəsi”nə dair verilmiş təkliflər üzrə işlər yekunlaşmaq üzrədir”.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayamov bildirib.
A.Bayramov qeyd edib ki, “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb”.
Qurum rəsmisi qeyd edib ki, layihə tamamlandıqdan sonra geniş ictimaiyyətin müzakirəsinə təqdim olunacaq və layihənin əsas istiqamətləri barədə ətraflı məlumat veriləcək.
Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” 2035-cu ilədək dövrü əhatə etməlidir.
Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin ərazidən istifadə zonalaşdırma Planı/Baş Plan layihəsi”nin müzakirəsi keçirilib.
O zaman Bakı Şəhər İcra Hakimiyyəti müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərinin öz əksini düzgün tapmadığını bəyan etmişdi. Mer Hacıbala Abutalıbov isə Baş Planla bağlı iradlar səsləndirmiş, ona bəzi dəyişikliklər təklif etmişdi.