Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasının dəyişməsi haqqında prezident İlham Əliyevin 04.05.2021-ci il tarixli Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası enişləndirilib.
Dəyişiklik nəticəsində gənc ailə üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.
Qeyd edək ki, gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir.
MİDA-dan verilən məumata görə, bu Fərmanını icrası üçün Agentlik tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.
Yeni kateqoriyaya aid şəxslər artıq 27.05.2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.