Azərbaycanda ilk dəfə olaraq yerin təkindən istifadə ilə bağlı hərrac elan edilib.
FED.az-ın əldə etdiyi məlumata görə, Dövlət Əmlak Xidmətinin təşkilatçılığı ilə 16 aprel 2021-ci il tarixində keçiriləcək hərracda Göygöl rayonundakı «Göygöl 1»gil karxanasından 25 illik istifadə hüququ satılacaq.
Sahəsi 20,6 hektar olan karxanada gil ehtiyatları 2,2 milyon kubmetr həcmində qiymətləndirilir. Yatağın ehtiyyatı yüksək plastikli gillərə aid olub kərpic istehsalına yararlıdır. Buradan gil hasilatı üçün yatağın dağ-texniki şərati əlverişlidir.
Hərracın şərtlərinə görə, «Göygöl 1» yatağının 25 illik istifadə verilməsi üzrə hərracda başlanğıc qiymət 220 min manat nəzərdə tutulub. Hərracda iştirak etməyə istəyənlər bu məbləğin 10%-i qədər – 22 min manat beh ödəməlidirlər. İddiaçı qalib gəlməsə bu vəsait ona geri qaytarılacaq. Hərracda iştirak haqqı isə 540 manatdır.
FED.az xəbər verir ki, gil karxanasının istifadəçiləri karxananı istifadəyə götürmək üçün hərracda ödədikləri məbləğlə yanaşı, istifadə dövründə dövlətə digər ödənişlər də etməlidirlər.
Bunlar (1) mədən vergisi, (2) Mineral Xammal Balansının Bərpası Fonduna ödənişlər, (3) faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsinə görə haqq.
Mədən vergisi çıxarılan hər 1 kubmetr gil üçün 1 manatdır və hər ay ödənilir.
Mineral Xammal Balansının Bərpası Fonduna ödənişlər çıxarılan gilin satış qiymətinin 2%-i həcmində (məsələn 20 min kubmetr gil üçün 3 mni manat) hesablanır və ildə bir dəfə ödənilir (6 mart 2000 tarixli sərəncam).
Faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsinə görə haqq isə görüləcək işlərin həcmindən asılıdır. Bu ödənişlərin miqdarı sahənin hər kvadrat kilometrinə görə və hər il üçün müəyyən edilir. Sahənin 1 kvadrat kilometrinə görə illik ödənişlər ümumi ödəniş normasını (işlərin ümumi dəyərinin 1-2 faizini) ayrılmış ərazinin sahəsinə və işin müddətinə bölməklə hesablanır. Kəşfiyyat işləri üçün haqq da eyni qayda ilə hesablanır amma işlərin ümumi dəyərinin 3-5%-i həcmində müəyyn edilib. (23 oktyabr 2003 tarixli fərman).
Hərracda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu; Hüquqi şəxsdirsə nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri fiziki şəxsdirsə şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin sürəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 09 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat 31 ünvanına təqdim etməlidirlər. Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov, telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.