Gəncə Memorial Kompleksinin konsepsiyasının detalları məlum olub.
Gəncədə əsaslı təmir işlərinə 950 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, 17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub, həmin raket zərbələri nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır bədən xəsarətləri alıb.
Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksinin layihələndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.
Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.
Gəncə Memorial Kompleksi 4 ha torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilib, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.
Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.
Burada əhalinin istirahəti üçün geniş park da layihələndirilib.