Əmlak Məsələləri Dövlət Xidməti Füzuli və Goranboy rayonları ərazisində yerləşən qum-çınqıl yataqlarının istismara verilməsi ilə bağlı hərraca yekun vurub.
Azərbaycanda gələn ay daha 31 dövlət əmlakı - Hərraca Çıxarılacaq
FED.az xəbər verir ki bir qədər əvvəl tətbiq edilən yeni qaydalara əsasən, yataqların istifadəyə verilməsi ilə bağlı hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə keçirilir.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə hərraca çıxarılıb və 25 ilə qədər müddətə istismara verilib.
İstifadəyə verilən yataqların ümumi sahəsi 55 hektar, buradakı qım-çınqıl ehtiyatlarının həcmi isə 2 milyon kubmetrə yaxındır.
FED.az-ın əldə etdiyi məlumata əsasən, hərracda iki şirkət qalib gəlsə də, onların adları açıqlanmayıb. Halbuki bundan əvvəlki hərracda qalibin adı açıqlanmış və yatağı istismar edən şirkət ictimaiyyətə elan edilmişdi.
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyulda keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca (https://bit.ly/3wUlClF) Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca (https://bit.ly/3j1I4oV ) isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq. Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərraclarda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər.
Yer təkinin istifadəsi ilə bağlı bu il keçirilməyə başlayan hərraclarda 3 faydalı qazıntı yatağı istismara verilib.