Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində bina və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin etmək, habelə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədilə tikinti obyektlərində mütəmadi olaraq monitorinqlər keçirir.
Eləcə də bax: FHN “8-ci km bazarı”nda ciddi pozuntular aşkarlayıb - FOTO - VİDEO
Bu barədə FED.az-a FHN-in mətbuat xidmətindən xəbər verilib.
Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidmətinin (Xidmət) apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir. Təəssüflə qeyd edilməlidir ki, belə tikinti obyektlərində yanğın baş verdiyi halda, adətən ilkin müdaxilə də böyük çətinliklərlə müşayiət olunur, habelə inşaat işləri yekunlaşdıqdan sonra bir sıra çatışmazlıqların aradan qaldırılması texniki cəhətdən qeyri-mümkün olduğundan istismar müddətində baş verən yanğınlar faciələrə yol açmış olur.
Qeyd olunanlar nəzərə alınaraq, Xidmət tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi, o cümlədən inşaat işlərinin dayandırılması tədbirləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.