Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən FED.az-a verilən xəbərə görə, Agentliyin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində “Xəzri-Y” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək pozuntular aşkar edilib.
Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib.
Həmçinin, daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olduğu, naqillərin isə elastik olmadığı, elektrik avadanlıqlarına xidmət zamanı isə fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar olunub.
Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların, eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmadığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq, onların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.