Rusiyanın “Evrostroy” şirkətlər qrupu Azərbaycan bazarında inkişaf imkanlarını nəzərdən keçirir.
FED.az xəbər verir ki, “Kommersant” nəşrinın yaydığı məlumata görə, “Evrostroy” “HeadHunter” portalında Bakı filialının rəhbəri vəzifəsinə vakansiya yerləşdirib. Menecerin vəzifələrinə yerli bazarda şirkətin strateji inkişaf planının hazırlanması və premium-sinif yaşayış obyektlərinin tikintisinə rəhbərlik daxildir.
Nəşr ekspertlərə istinadən qeyd edir ki, Sankt-Peterburqun elit daşınmaz əmlak bazarında tələb azalıb, Bakıda isə premium seqmentdə inkişaf potensialı yüksək olaraq qalır. Bundan əlavə, “Evrostroy” Azərbaycan bazarına daxil olması hesabına yüksək büdcəli mənzil təklifinin tələbi əhəmiyyətli dərəcədə üstələdiyi yerli bazarda iş risklərini şaxələndirmək niyyətindədir.
Ekspertlər, həmçinin hesab edirlər ki, Bakının daşınmaz əmlak bazarı rəqabətin aşağı səviyyədə olması ilə seçilir: yerli bazar konsolidə edilməmiş olaraq qalır, elit seqmentdə isə Rusiyanın iri investorlarından yalnız Emin Ağalarov yer alır.
“Azərbaycan bazarı daha populyar olan Türkiyə və BƏƏ fonunda lazımınca qiymətləndirilmir. İmkanlı müştərilər sərbəst vəsaitlərini Bakıda daşınmaz əmlaka yatırmağa hazırdırlar, lakin onlar heç də həmişə səviyyəyə uyğun təklif tapa bilmirlər”, - deyə bazar ekspertləri hesab edirlər.
“Evrostroy” şirkətlər qrupu Sankt-Peterburqda elit mənzil və apartamentlərin tikintisi üzrə ixtisaslaşıb. Qrup Valeri və Oksana Kravtsovlara məxsusdur. (İnterfaks-Azərbaycan)