Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə təşkil edilən «Daşınmaz əmlakın növləri üzrə» sertifikatlaşdırma kursları başa çatıb.
Cəmiyyətin rəhbəri Vüqar Oruc FED.az-a bildirib ki, «Demirçi Tauer» biznes mərkəzində təşkil olunan sertifikatlaşdırma kurslarına maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçı qatılıb.
Təlimlər AQC-nin mütəxəssislərin, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentləri İbrahim Quliyevin və Qəhrəman Bayramovun iştirakı ilə baş tutub.
Bundan sonra isə iştirakçılar üçün sertifikasiya imtahanı keçirilib.
İmtahan daşınmaz əmlakın bütün növləri üzrə - fərdi ev, mənzil, yaşayış binaları, torpaq və qeyri-yaşayış sahələri üzrə keçirilmiş kursun nəticələrinə həsr olunub.
Təqribən 4 saat davam edən imtahan 2 hissədən ibarət olub. İştirakçılara həm qiymətləndirmə sahəsinə uyğun olaraq nəzəri suallar, həm də praktiki tapşırıqlar təqdim olunub.
AQC sədri bildirib ki, imtahan kodlaşdırma sistemi ilə şəffaf və obyektiv şəraitdə keçirilib: «Yəni imtahanın nəticələrini yoxlayan şəxslər, cavabların hansı iştirakçıya məxsus olduğunu bilməyiblər».
İmtahanın nəticələri ictimaiyyətə bir neçə gəndən sonra açıqlanacaq. İmtahan nəticəsində qiymətləndirici sertifikatı alan və qiymətləndirmə ilə məşğul olmaq hüququ qazananlar, eləcə də kursda iştirak edərək dinləyici sertifikatı alanlar elan ediləcək.