Sentyabrın 19-da prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılığın verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifələrindən biri kimi müəyyənləşdirilib. Sənədə görə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi zamanı ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin razılığı olmalıdır.
Başqa sözlə, bu fərmandan sonra kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ilə bağlı proseslərdə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri və rolu genişləndirilib.
Belə ki, dövlət mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaqların müvafiq yerli icra hakimiyyətləri tərəfindən icarəyə verilməsi ƏMDK-nin xüsusi razılığı əsasında həyata keçiriləcək. Məqsəd kənd təsərüfatı təyinatlı torpaqların istifadəsində nəzarətin daha gücləndirilməsidir.
Qeyd edək ki, indiyədək bu proses, yəni kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Komitənin rəyi əsasında həyata keçirilirdi. Rəy və razılığın fərqi onan ibarətdir ki, yerli icra hakimiyyətləri torpaların icarəyə verilməsi haqqında qərar verilərkən rəyi nəzərə almaya bilərdilər. İndi isə bu proses daha ciddi şəkildə tənzimlənəcək.
Qeyd edək ki, dövlət başçısının sözügedən fərmanı torpaqların səmərəli istifadəsi ilə bağlı ilk addım deyil.
Belə ki, bir qədər əvvəl bu məqsədlə «Torpaq icarəsi haqqında» qanuna xüsusi maddə də əlavə olunub. Bu maddəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi qaydaları də təsdiq edilib və xüsusi prosedurlar nəzərdə tutulub. Yəni belə torpaqların icarəyə götürülməsi üçün iqtisadi qiymətləndirmələr və digər əsaslandırmalar aparılır ki, kənd təsərrüfatı torpaqları maksimum səmərəli istifadə edilsin.
Bütün bunlar gələcəkdə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlə istifadəsinə nəzarəti gücləndirmək və onların daha səmərəli istifadə edilməsi məqsədi daşıyır.
Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilib
14:23
20 Sen 2018