Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır.
FED.az əbər verir ki, bu məqsədlə, cari ilin 6 iyul tarixində Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunu Azərbaycan tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Avstriya tərəfindən Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbəri Vernher Hofman imzalamışlar.
Görüş zamanı Azərbaycan və Avstriyada daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılmışdır. Komitə sədri bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-a yaxın elektron xidmətin göstərildiyini qeyd etmişdir.
Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və gələcək perspektivlər müəyyən edilmişdir. Bu baxımdan, imzalanmış Anlaşma Memorandumu daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə qarşılıqlı yardım, tərəflər arasında təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycan və Avstriya arasında əməkdaşlığı nəzərdə tutur. Memorandumun başlıca məqsədi müvafiq istiqamətdə hər iki ölkənin təcrübəsinin müsbət tərəflərindən qarşılıqlı şəkildə istifadə edilməsi və işçilərin peşəkar səviyyələrinin artırılmasından ibarətdir.
Görüşdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qalib İsrafilov da iştirak etmişdir.
Əmlak Komitəsi və Avstriyanın Metrologiya və Mərzçəkmə Qurumu Memorandum imzalayıb
15:53
6 İyul 2018