Əmlak Məsələləri Dövlət Komitəsi Prezident İlham Əliyevin 7 mart 2016-cı il tarixli fərmanı əsasında müasir dünya təcrübəsinə istinad etməklə torpaq və onun üzərindəki daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası formalaşdırır, ərazilərin rəqəmsal kadastr xəritələrini tərtib edir.
FED.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Eləcə də bax: Bakının Baş Planı 2020-ci ilin oktyabrında - TƏSDİQLƏNƏCƏK
Məlumatda həmçinin deyilir ki, artıq Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib. Bakının mükəmməl rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.
Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb. Eyni zamanda şəhərin kommunikasiya infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Başqa sözlə, məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.
Kadastr məlumatlarına istinad edilməsi Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq.
Komitənin Bakıda apardığı kadastr uçotu işlərinin nəticələrindən istifadə dairələri genişdir. Bu məlumatlar həmçinin torpaq və digər daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarının qeydə alınması işinin elektronlaşdırılmasında da əvəzsiz rola malikdir. Digər tərəfdən bu bazaya istinad etməklə daşınmaz əmlak(torpaq) idarəçiliyinin elmi əsaslarla həyata keçirilməsinə nail olmaq olar.