Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH Başçısı səlahiyyətlərinin icraçısı Eldar Əzizov son günlər fəaliyyətini aktivləşdirib. FED.az belediyye.info-ya istinadən xəbər verir ki, E.Əzizov Qaradağ rayonu Sahil qəsəbəsində olub. Bu Eldar Əzizovun qəsəbəyə son bir həftə ərzində iki səfəridir.
Bakı ŞİH rəsmisi Sahil qəsəbəsində ötən il salınan “Abad həyət” məhəlləsi və bu ərazidə inşa edilən 500 nəfərlik “Mərasim evi”nin tikintisinin gedişiylə maraqlanıb. “Mərasim evi”nin rayonun daxili imkanları hesabına inşa edildiyi deyilir.
Tanışlıq zamanı sakinlərlə görüş keçirən Eldar Əzizov onların qaldırdığı məsələləri yerində dinləməklə müvafiq qurumlara öz tapşırıq və tövsiyələrini verib.
Bundan sonra BŞİH rəsmisi həmin ərazidə yerləşən Məscidə baş çəkib və yerli icma nümayəndələriylə görüşüb.
Rayon rəsmiləriylə görüşdə isə əsas tələbi sakinləri dinləməklə, onların qaldırdığı hər bir məsələyə diqqətlə yanaşmağı tələb edib.
Bakı ŞİH rəsmi ilə yanaşı görüşlərdə PA-nın sektor müdiri Tağı Tağıyev, Qaradağ RİH Başçısı Süleyman Mikayılov və rayonun təsərrüfat, idarə-müsəsisə, yerli özünüidarəetmə orqanlarının rəhbərləri də olub.
Bundan başqa paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb. Bakı Şəhər İcra Hakimiyyətindən daxıl olan məlumata görə ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır.